Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün aşağıdakı iki məqsəd təmin olunmalıdır:
- davamlı və yüksək iqtisadi artım;
- daxili və xarici təsirlərə dayanıqlıq.
İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunacaqdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin ediləcəkdir.Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa ediləcək. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir.Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artırılacaq. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.
Şəhla Muradova,
Bakı şəhəri, 263 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini