Azərbaycan xalqı və dövləti işğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinə hələ İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdən başlamışdı. Belə ki, azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ də hərbi əməliyyatlar davam edirdi. 44 günlük Vətən müharibəsindən sonra isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri Zəfər yolunun təməlinin qoyulması ilə yadda qaldı. Bundan əlavə, 2021-ci il möhtəşəm layihələrin təməlinin qoyulması və başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, işğaldan azad edilmiş ərazilərdə 7 yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, «Xarıbülbül» və «Qarabağ» hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması birmənalı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları hesabına həyata vəsiqə almışdır.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam etdirilir. Ötən dövr ərzində Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam, Füzuli, Cəbrayıl Zəngilan şəhərlərinin Baş planları təsdiq olunub və bir sıra obyektlərin təməlləri qoyulub. Eyni zamanda, Şuşada birinci məhəllənin, Ağdam şəhərində ilk yaşayış binasının və 1 saylı məktəbin, Ağdam Sənaye Parkının, Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkının, «KamAZ» ASC ilə «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin Dövlətyarlı kəndində «ağıllı kənd»in istifadəyə verilməsi yaxın gələcəkdə reallaşacaq. Artıq Zəngilan rayonunun Ağalı kəndində «ağıllı kənd», Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı xüsusi işlər görülür. Artıq ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcərdəki Lev çayı üzərində olmaqla azad edilmiş ərazilərdə 4 Su Elektrik Stansiyası və digər 9 elektrik yarımstansiyası inşa edilmişdir. Mürəkkəb relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilmişdir. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının, Kəlbəcər, Laçın rayonlarında Külək Elektrik stansiyalarının potensialının həddindən artıq çox olduğu üçün xarici investorların bu ərazilərə olan marağı daha da artmışdır. Bununla bağlı artıq Azərbaycan xarici şirkətlərdən çoxlu təkliflər alır. Həmçinin 2023-cü ildə «Xudafərin» və «Qız qalası» Su Elektrik stansiyalarının tikintisinin başa çatacağı planlaşdırılır. BP şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar aparılır. Bütün bu layihələr əsasında Azərbaycanın elektrik enerjisi ixracatındakı payı da ildən- ilə artacaq. 2024-cü ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulub.
Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Çəkilən yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Hətta dağlar yarılaraq kilometrlərlə tunellər açılır. O cümlədən azad edilmiş torpaqlarımızda yeni dəmir yolu infrastrukturu da yaradılır. Bütün bunlar söyləməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə Azərbaycanın ən abad və gözəl bölgələrindən birinə çevriləcəkdir.
Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri