22 dekabr 2022 14:55
926

Qarabağa və Şərqi Zəngəzura əbədi qayıdış

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, şanlı ordumuzun şücaəti sayəsində 30 ilə yaxın müddətdə düşmən tapdağında inləyən müqəddəs Vətən torpaqlarımız 44 gün ərzində azad edildi. Bu şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. İndi bu Zəfəri tamamlamaq üçün qarşımızda dayanan əsas vəzifə ermənilər və onların havadarları tərəfindən tamamilə dağıdılmış Vətən torpağını - şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi bərpa edib, o torpaqlardan olan soydaşlarımızı öz ata – baba yurdlarına qaytarmaqdır. Artıq işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını xatırladır. Ötən müddət ərzində xeyli işlər görülmüşdür. Lakin daha böyük işlərin icrası hələ qarşıda bizi gözləyir. Bütün Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızın bərpasında öz liderinin, Cənab prezident İlham Əliyevin yanındadır. 16 noyabr 2022-ci il tarixində ölkə başçımız Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramını təsdiq etmişdir. Dövlət Proqramında “Böyük Qayıdışın” ən vacib aspektləri öz əksini tapmışdır.

İşğaldan azad edilmiş ərazilərin bərpası, burada dayanıqlı inkişafın təmin edilməsi və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı Dövlət Proqramında yer almış əsas müddəalardandır. Qayıdış prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması meyarlarına uyğun şəkildə həyata keçiriləcək. Həmçinin əhalinin geri qayıdışı ilə bağlı müvafiq məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili və məlumatların əlçatanlılığının təmin olunması kimi məsələlər də nəzərdə tutulmuşdur. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki daimi ata – baba məskənlərinə qayıdışı çərçivəsində yaşayış məntəqələrinin çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və onların ölkənin iqtisadi strukturuna inteqrasiyası da nəzərdə tutulur.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında digər bir vacib məqam həmin ərazilərin inkişafı və reinteqrasiyasıdır. Ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində müasir nəqliyyat-yol infrastrukturunun qurulması zamanı bölgənin tranzit potensialından səmərəli istifadə edilməsi məsələsi də diqqət mərkəzindədir. Bu zaman əhalinin ehtiyacları və qurulacaq infrastrukturun işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına mümkün təsirləri nəzərə alınacaqdır. Qarabağda və Şərqi Zəngəzurda meşə fondunun, flora və faunanın bərpası, ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə məsələləri əsas prioritetlərdən birini təşkil edir. “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir.

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası sayəsində Azərbaycan xalqı Qarabağa və Şərqi Zəngəzura qayıdacaq. Bu Azərbaycan xalqının həmin torpaqlara əbədi qayıdışı olacaq.

Cavid Məmiyev,

 YAP Sumqayıt şəhər təşkilatının sədr müavini