22 dekabr 2022 11:07
561

“Qarabağ”la oyunlar həlledici oldu- “Qəbələ”nin braziliyalı futbolçusu

“Qarabağ”la kubok oyunları bizim üçün həlledici oldu”.

“İki sahil” xəbər verir ki, bunu “Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin “portalfutebolnews.com.br” saytına açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”ı üstələməklə (2:2, 1:0) titul qazanmaq şansını artırdıqlarını bildirib. Santos hədəflərinin kuboku başları üzərinə qaldırmaq olduğunu vurğulayıb: “Bunun üçün cəmi 3 oyunu yüksək səviyyədə keçirmək kifayət edər. Eyni zamanda, kuboku qazanmaqla avrokuboklara vəsiqəni də rəsmiləşdirə bilərik”.

2021/2022 mövsümünü “Şamaxı”da keçirən hücumameyilli oyunçu cari mövsüm formasını geyindiyi “Qəbələ”də daha uğurlu olduğunu söyləyib: “Qəbələ”yə uyğunlaşma dönəmim “Şamaxı”ya adaptasiya prosesindən daha rahat keçdi. Buna görə də, meydandakı performansım indi daha yaxşıdır”.

Qeyd edək ki, Felipe Santos bu mövsüm “Qəbələ”nin heyətində keçirdiyi 22 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə verib.