Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Dövlətimizin başçısı 2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb.
Bu tarixi Sərəncamla təsdiq olunmuş Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Həmin soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbrsizliklə gözləyirdilər və bu proqramın təsdiq olması onlar üçün çox böyük sevinc bəxş etmiş oldu. Proqramın təsdiq edilməsi xalqına 30 illik həsrətdən sonra qələbə sevincini yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürüdür.
Bu proqramın təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir hadisədir. 30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. İşğal dövründə Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə dağıdılıb. Milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz dogma yurdlarından didərgin düşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və bu Zəfərdən dərhal sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. İlk növbədə təbii ki, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə start verildi və bu gün həmin məsələlər davam edir. Bununla yanaşı, həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin qurulması, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində layihələr icra edilib və hazırda da bu istiqamətdə işlər davam edir. Təbii ki, hədəf Azərbaycanın bu ərazilərini çiçəklənən diyara çevirməkdir.
Azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi ölkəmizin 2032-ci ilə qədər 5 milli prioritetlərdən biri kimi müəyyən olunub və uğurla həyata keçirilməkdədir. Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılacağı üçün keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək.
Prezident İlham Əliyev Böyük Qayıdış layihəsini bilavasitə nəzarətdə saxlayır. Dövlət başçısı dəfələrlə bölgəyə səfər edərək hər bir proqramın icrasına və sürətlə həyata keçirilməsinə özü şəxsən nəzarət edir. “Ağıllı kənd” layihəsi sadəcə bir misal ola bilər. Hava limanlarının açılışı, avtomobil və dəmir yollarının tikintisi istiqamətində böyük layihələr sürətlə icra olunur. Ən yüksək texnologiyaların təminatı ilə bölgənin ətraf mühitini qorumaq bu layihələrin tərkib hissəsidir. Bizim Qarabağda böyük su ehtiyatlarımız, meşələrimiz var. Azərbaycanın gözəl guşəsi olan Qarabağın təbiəti həmçinin turizm üçün də yararlıdır. Mədəniyyət paytaxtımız olan Şuşanın türk dünyasının və beynəlxalq aləmin mədəniyyət mərkəzinə çevrilməsi həyata keçirilən proqramın tərkib hissəsidir. Beynəlxalq təşkilatların, ən yüksək texnologiyalara malik şirkətlərin iştirakı ilə bütün bunlar təmin olunacaq. Bu prosesdə Azərbaycana dost, tərəfdaş olan ölkələr, xüsusən qardaş Türkiyə artıq fəal iştirak edir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri