21 dekabr 2022 14:47
742

Vətəndaş cəmiyyəti nümayəndələri talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Məlumdur ki,  rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimiz separatçılar və ayrı-ayrı qurumlar tərəfindən qeyri-qanuni olaraq istismar olunur. Azərbaycan bununla bağlı dəfələrlə məsələ qaldırıb. Sülhməramlılarla da bununla bağlı razılıq əldə olunmuşdu. Razılığa görə, sülhməramlılar Azərbaycanın dövlət qurumları və yerli təşkilatlara imkan yaradacaqdı ki, onlar gedib həmin mədənlərə baxış keçirsin. Amma sonradan buna imkan verilmədi. Daha doğrusu sülhməramlılar oradakı separatçıların qalıqları ilə bizə qarşı təxribat həyata keçirməyə çalışdılar.

Şuşa-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının keçirdiyi etiraz aksiyası ciddi əsaslara söykənir. Bütün faydalı qazıntı yataqları, o cümlədən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinqin aparılması, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Demək vətəndaş cəmiyyətinin bu mövqeyi diqqətə alınmalıdır. Bizim həmin ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun reallaşmalıdır. Hazırda Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Artıq Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməyinin vaxtı çatıb. BMT-nin Təhlükəsizlik Şurasının azadolunma ilə bağlı 4 qətnaməsi var idi, amma bu yerinə yetirilmədi. Azərbaycan özü bunu icra etdi və biz Vətən Müharibəsində qələbədən sonra iki il müddətində gözlədik ki, bu istiqamətdə real addımlar atılsın, amma heç bir addım atılmadı. Bu ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləridir. Azərbaycanın bu ərazilərə tam nəzarət etməyə, ora Azərbaycanın dövlət qurumlarının daxil olmağına tam səlahiyyəti var. 

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Bundan əlavə, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, eləcə də 9-cu bənd də yerinə yetirilməyib. Son günlər ermənilərin böhtan kampaniyası daha da vüsət alıb. Guya ki, etirazçılarımız Laçın yolunun bağlayıblar və hümanitar fəlakət yaşanır. Yalan üzərindən verlən bu bəyanatlar ona hesablanıb ki, gözlənilən sülh müqaviləsindən imtina etsinlər. Bəli, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri isə sadəcə talan edilmiş təbii sərvətlərin qansuz daşınmasının qarşısını almağa çalışır. Azərbaycanlı ictimai fəalların, QHT nümayəndələrinin və ziyalılarının bu aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Rəsmi İrəvanın qərəzli iddiaları əsassızdır. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Şuşa-Laçın yolunda azərbaycanlı qeyri-hökumət təşkilatlarının və fəal vətəndaş cəmiyyətinin üzvlərinin keçirdiyi aksiyanın da məqsədi odur ki, monitorinqlərə icazə verilsin. Bu gün bütün Azərbaycanın ürəyi həmin bölgə ilə döyünür, hər kəs istəyir ki, öz vətəndaş borcunu yerinə yetirərək bu aksiyalarda fəal şəkildə iştirak etsin. Bu Azərbaycanın tam haqqıdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri