21 dekabr 2022 10:01
888

Qarabağa Böyük Qayıdış

Hər bir Qarabağlının 30 ildən artıqdır ki, ən böyük arzusu öz doğma ata-baba yurduna qayıtmasıdır. Yaşlarına görə bu insanların arzuları da fərqlidir. Yaşlı nəslin nümayəndələri daha çox o torpaqlara öz əzizlərinin məzarlarını ziyarət etmək, ruhlarına dua oxumaq, nisbətən orta yaşlı insanlar öz doğma torpaqlarında övladlarına adət-ənənələrinə uyğun, əvvəllər olduğu kimi toy-büsat keçirmək, gənc nəsil isə qurub-yaratmağı arzulayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1 milyondan artıq vətəndaşımızın bu arzularının reallaşması, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün Prezident seçildiyi ilk gündən durmadan çalışırdı. İlk növbədə ölkə iqtisadiyyatının sürətli şəkildə inkişaf etdirilməsinə başlandı, ordu quruculuğunda mühüm addımla atıldı, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı və s. Cənab Prezident işğal olunmuş torpaqların sülh yolu ilə qaytarılması üçün çox səylər göstərdi, lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və onların havadarları hər dəfə sülh danışıqlarından yayındı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alan Rəşadətli Ordumuz düşmənə ağır zərbələr endirərək bir sıra ərazilərimizi işğaldan azad etdi. 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonu istiqamətində baş verən toqquşmalarda 11 min hektarlıq ərazi, bir sıra əlverişli döyüş mövqeləri düşmən işğalından azad edildi. Bu qısa müddətli döyüşlərdəki məğlubiyyətindən heç bir nəticə çıxarmayan ermənilər yenə də bizə qarşı olan təxribatlarından əl çəkmədi. 27 sentyabr 2020-ci ildə mülki əhalimizə, hərbi mövqelərimizə artilleriya vasitələrindən atəş açıldı və Azərbaycan Rsepublikasının Silahlı Qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal altında saxlanılan ərazilərin azad edilməsi üçün əks həmlə əməliyyatına başladı. 44 gün davam edən “Vətən Müharibəsi” 10 noyabr 2020-ci ildə Ermənistanın kaputilyasiya aktını imzalaması ilə sona çatıd. 30 ildən artıq davam edən işğala Azərbaycanın Rəşadətli Ordusu öz Ali Baş Komandanının rəhbərliyi ilə son qoydu.

Bundan sonra isə Azərbaycanın üzərinə daha böyük vəzifə düşürdü- azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması. Çox qısa zamanda infrastruktur layihələri icra olunmağa, yollar çəkilməyə, “Ağıllı kənd”lər salınmağa, beynəlxalq hava limanları tikilməyə başlandı. 2021-ci ilin yanvar ayının 14-də, müharibənin bitməsindən 2 ay keçməsinə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu və 16 oktyabr 2021-ci ildə istismara verildi. Bundan əlavə 2021-ci ilin aprel ayında Zəngilan Beynəlxalq Hava Limanının inşasına başlanır və 20 oktyabr 2022-ci ildə təntənəli açılışla istifadəyə verilir. Təkcə bu iki hava limanın bu qədər qısa müddətdə inşası dövlətimizin iqtisadi qüdrətindən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərimizdə “Ağıllı kənd”lər salınır. Bu layihə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndində icra edildi və Ağalı sakinləri artıq öz kəndlərinə qayıtdılar. Bu böyük qayıdışın ilk addımları idi. Ağalıya qayıdan sakinlər üçün kiçik təsərrüfatlar yaradılır. Həmçinin kənddə sakinlərin dövlət xidmətlərinə rahat çıxışı üçün Azərpoçt, ASAN Xidmət, DOST, Kiçik və Orta Biznesin İnkişaf mərkəzləri təsis edilib. Kənddə 288 şagird yerlik, modern üslublu tam orta məktəb də istifadəyə verilib.

16 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağa qayıdışa dair daha mühüm bir sənədə imza atdı. Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı. Sərəncamda qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək Beş Milli Prioritetindən biri kimi müəyyən olunur.

Görülən bu işlərin fonunda artıq 2025-ci ilədək Ağdama da qayıdış başlayacaq. Bu istiqamətdə xeyli layihələr həyata keçirilmişdir. Bundan əlavə Şuşaya gələn ilin sonuna kimi 2500 nəfər insanın köçürülməsi yekunlaşacaqdır.

Elxan Rəcəbov,

YAP Masallı rayon təşkilatının fəalı