20 dekabr 2022 12:31
827

Etiraz aksiyası mülki ermənilərə qarşı deyil, talançılığa Azərbaycan ictimaiyyətinin narazılığıdır

Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik və hüquq azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır.

Hərbi cinayətlərdən danışarkən bildirmək istəyərəm ki, mənfur qonşumuz olan ermənilər tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər. İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar, məbədlər və təbii sərvətlərimizdir. Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Bu barbarlar işğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv, təbii sərvətlərimizi talan edərək ekoloji cinayət törətmişlər. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.

Məhz buna görə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, "Qızılbulaq" qızıl yatağında və "Dəmirli" mis-molibden yatağında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasına ölkənin müxtəlif regionlarından olan gənc fəallar da qoşulub. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bu gündə davam edir. Azərbaycanın ekologiya fəallarının, ümumən vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı olmayıb, Rusiya “sülhməramlı”larının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır.

Ermənistan cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaqdır. Bizim etiraz aksiyası keçirən vətəndaş cəmiyyəti institutları fəallarımız öz ölkələrinin suveren hüquqlarını tələb edən tərəf olaraq hər zaman xalqının yanındadır. Buna görə də Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır.

Aygün Əliyeva,
Müdafiə Sənayesi Nazirliyi, “Üfüq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin kadr işləri üzrə aparıcı mühəndisi