20 dekabr 2022 12:15
842

Ekoloji terrora son qoyulmalıdır

Məlumdur ki, 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı 44 günlük əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa çatmış, 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmiş, uzun illər davam edən işğala son qoyulmuşdur. İşğal altında olan tarixi Azərbaycan torpaqları azad edildikcə, erməni terrorunun mədəni və tarixi ərazilərimizin ekoloji vandalizminin şahidi olduq. Ermənilər boşaltdıqları ərazilərdə evləri, məktəbləri, tarixi-mədəni abidələri dağıdır və talayır, meşələri yandırır, ağacları kəsirdilər. İki il əvvəl torpaqlarımız 30 illik işğaldan azad edildi. İşğal illərində Ermənistan sistemli şəkildə Azərbaycana aid mədəni sərvəti dağıdıb, qanunsuz şəkildə mənimsəyib. Bu ermənistanın mədəni irsimizə qarşı törətdikləri mədəni soyqırımıdır. Onların 30 illik işğal dövründə də Azərbaycan torpaqlarında ekoloji terror törədib. Erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi qırıb, yandırıb, flora və faunamızı məhv ediblər. Bir sözlə, işğal müddətində Ermənistan "ölü torpaq" siyasəti həyata keçirərək, bu yerlərdə həyata dair hər nə varsa hamısına qənim kəsilib.  

Qeyd etmək lazımdır ki, ermənistan respublikasının Azərbaycan Respublikasına qarşı ekoloji terroru bu gün də davam edir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarı ekoloji fəsadlar törətməkdədir. Bununla əlaqədar baş verənlərlə bağlı Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər, vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Azərbaycanlılar tərəfindən Qarabağda keçirilən etiraz aksiyası artıq neçənci gündür ki, davam edir. Bununla əlaqədar vətəndaş cəmiyyəti nümayəndələrinin beynəlxalq və milli qanunvericiliyə müvafiq olaraq dinc şəkildə həyata keçirdiyi aksiyaya Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin mane olma cəhdlərini qəti şəkildə pisləyir, onları Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun fəaliyyət göstərməyə dəvət edir. Bir məsələni də vurğulayaq ki, ermənistan tərəfi hər zaman olduğu kimi, ekofəallarımızın bu aksiyasına da yalan don geyindirib beynəlxalq aləmə sırımağa çalışır, bu aksiyada hərbçilərimizin iştirak etdiyini iddia edirlər. Lakin Şuşa-Laçın yolunda keçirilən bu aksiya heç bir siyasi məqsəd güdmür, ictimaiyyət nümayəndələrimiz haqlı olaraq separatçı rejimin torpaqlarımızda qanunsuz istismarına son qoyulmasını tələb edirlər. 

Bütün bunlar Azərbaycan vətəndaşlarının milli mənafelərinə zidd olan fəaliyyətlərə qarşı həmrəy olaraq mübarizəyə atılmasının bariz göstəricisidir. Xalqımız ərazi bütövlüyünə, milli təhlükəsizliyinə təhdid olan bütün qüvvələrə qarşı canlı sipər olmağa, mənfur qüvvələri öz yerində oturtmağa və hüquqlarını təmin etməyə hər an hazırdır. 

"Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Xalqımızın nümayəndələrinin hazırda Şuşa - Laçın yolunda gecə-gündüz aksiya keçirmələri də buna əyani nümunədir. Vurğulamaq lazımdır ki, hər ötən gün aksiya iştirakçılarının sayı durmadan artır. Vətənin səsinə hay verən bütün ictimaiyyət nümayəndələrimiz, xüsusilə də gənclərimiz vətəndaşlıq borclarını yerinə yetirmək üçün Şuşa-Laçın yoluna axışır. Artıq könüllülər də haqq səsimizi ucaltdığımız həmin aksiyaya qoşulub. 

Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycanın vətənpərvər gəncliyi millətinin, dövlətinin müdafiəsi uğrunda aparılan bütün mübarizələrin aparıcı qüvvəsidir. Azərbaycan gəncləri tükənməz vətən sevgilərindən aldıqları güc və əzmlə də girdikləri bütün döyüşlərdən, qalxdıqları mübarizələrdən qalib ayrılmağı bacarırlar. Bu dəfə də belə olacaq və imkan verməyəcəyik ki, separatçı rejim Azərbaycan ərazilərində talançılıqla, ekoloji terrorla məşğul olsun. Eyni zamanda torpaqlarımızın geri qaytarılması nəticəsində Qarabağ və ətraf rayonların canlı aləmi mənfur düşmənin ekoloji terrorundan qurtulmuşdur. Bu gün Azərbaycan Respublikası ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd sayır. Müasir dövrdə təbiətdən istifadə nə qədər aktualdırsa, onu qorumaq, bərpa etmək bir o qədər əhəmiyyətlidir. İnanırıq ki, yaxın gələcəkdə birlikdə bu ərazilərin canlı aləminin bərpasına nail olacağıq !

Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon Təşkilatı, ərazi partiya təşkilat sədri,
Vətən müharibəsi qazisi