20 dekabr 2022 11:46
684

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalıdır

Azərbaycan tarixində 2020-ci il Qarabağ münaqişəsinin həll edilməsi ilə əlaqədar olaraq Şanlı Zəfərimizlə yadda qalmışdır. Müzəffər Azərbaycan Ordusunun peşəkarlığı qarşısında dayana bilməyən Ermənistan tərəfi məğlubiyyətini etirafa və kapitulyasiya aktını imzalamağa məcbur edildi. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanmış 9 bənddən ibarət üçtərəfli bəyannamənin 3-6 bəndlərində Rusiya Federasiyasının sülhməramlı kontingentilə bağlı müddəalar əksini tapmışdı. Həmin sazişə əsasən, Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə 5 il müddətinə yerləşdirilməli idi. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarət məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılmalı idi. Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalırdı. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulurdu. Azərbaycan Respublikası Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verirdi.

Ötən  iki il ərzində Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmişdir. Lakin Ermənistan tərəfi sazişin bəndlərinə tam riayət etmir, müxtəlif vaxtlarda qanunsuz erməni silahlıları tərəfindən mövqelərimizin atəşə tutulması bunun bariz nümunələrindəndir. Təəssüflə bildirilməlidir ki, atəşkəsi nəzarətə götürmüş Rusiya Federasiyasının sülhməramlı kontingenti isə ermənilərin bu hərəkətlərinə göz yumur.

Son günlər xalqın bütün diqqəti Şuşa-Laçın yolunda təşkil olunmuş ekoloqların və ictimai fəalların etiraz aksiyasına istiqamətlənmişdir. Səbəb isə, yenə də Ermənistanın sazişi pozması və Rusiya Federasiyasının sülhməramlı kontingentinin buna nəinki münasibət bildirməməsi, hətta bizlərə maneə yaratmasıdır. Belə ki, 2022-ci il dekabr ayının 3-ü və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr apararaq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idilər. Lakin ilkin razılaşmaya baxmayaraq, monitorinq baş tutmamışdır. Əvvəldən təşkil olunmuş bir qrup aqressiv kütlənin təxribatı nümayəndələrimiz həmin obyektlərin, yataqların müşahidəsinə mane olmuşdur. Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri əvvəldən razılaşdırılmış səfərin təşkilinə şərait yaradılmamışdı.

Milli Geoloji Kəşfiyyat Xidmətinin şöbə müdiri, baş geoloq Şahin Ataşov bildirir ki, yataqların istismarı kosmik görüntülərə əsasən aparılan monitorinqlər nəticəsində müəyyənləşdirilmişdir.

Aksiyada etirazçılar müxtəlif şüarlar səsləndirirlər. Onların ən əsası, təbii sərvətlərimizin 30 il müddətində talanmasına və bunun davamına, Ermənistanın ekoloji terrora son qoymasının tələbidir. Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov aksiyaların keçirildiyi əraziyə gəlib cəmiyyətimizi narahat edən haqlı suallara cavab verməlidir. Sülhməramlı kontingenti üzərinə düşən vəzifəni düzgün yerinə yetirməlidir. Azərbaycan vətəndaşlarının Laçın-Şuşa yolunda keçirdikləri dinc aksiyaya dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatlarının (QHT) başlatdığı aksiyaya digər sahələrdə də fəaliyyət göstərən QHT-lər də qoşuldular. Xalqımız bu haqq işində sona qədər tələbindən geri çəkilməyəcəkdir.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri