20 dekabr 2022 11:16
652

“Böyük Qayıdış”a dair I Dövlət Proqramının təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir hadisədir

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır. Belə ki, proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir. Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Keçən ili və bu ili nəzərə alsaq, 3 ildə (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasına dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.

“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri də quruculuq işlərinin intensiv həyata keçirilməsinə xüsusi zəmin yaradır. Bu, işğaldan azad olunan ərazilərimizin daha qısa zamanda bərpasının Azərbaycan üçün prioritetliyini bir daha təsdiq edir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir”.

Xanım Əliyeva,

YAP Masallı rayon təşkilatının fəalı