"İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Fransa təcavüzkar Ermənistanı müdafiə etməkdə davam edir. Neçə illərdir demokratiya örtüyünə bürünən, dünyaya haqq-ədalət dərsi keçən Fransanın Azərbaycana qarşı ədalətsiz yanaşmasının şahidiyik. Fransanın bu siyasəti birmənalı olaraq regionumuzda gərginliyin artmasına, sülh prosesinin sarsıdılmasına xidmət edir. Azərbaycanın daxili işlərinə müxtəlif yollarla qarışmağa cəhd edən Fransa, öz ölkəsində demokratiyanın kobud şəkildə pozulmasına yol verir. Öz gözündə tiri görmür, başqalarında tük axtarır. Bu ölkədə Korsika əhalisinin dinc tələbləri birmənalı şəkildə geri çevrilir, onların bütün hüquqları pozulur. Qeyd edək ki, Qarabağa Çar Rusiyası dövründə köçürülən ermənilərdən fərqli olaraq korsikalılar adanın yerli xalqıdır. 1768-ci ildə Fransa Korsika respublikasını işğal edib və adanı öz ərazisinə qatıb. Ada sakinləri artıq 250 ildən çoxdur ki, müstəqliik uğrunda mübarizə aparırlar. 2000-ci illərin əvvəllərində rəsmi Paris bu silahlı mübarzəni zərərsizləşdirmək üçün nəhayət ki, bəzi güzəştlərə getməli olub. Korsikalılara siyasi fəaliyyət və ölkə parlamentində təmsilçilik hüquqlarının veriləcəyi vəd olunub. Lakin hələ də bu vədlərə əməl edilməyib. Əksinə onların mübarizəsini separatizm hesab edən rəsmi Paris korsikalıların milliyətini belə, pasportlarda «fransız» yazmaqla, unutdurmağa çalışır, qanuni haqlarını tələb edən fəallar təqiblərə məruz qalır və həbs olunurlar".
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, Korsika adasının müstəqillik tələbləri ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçılarının fəaliyyəti arasında çox fərq var. Çünki, ermənilər Azərbaycanın Qarabağ bölgəsində aborigen xalq deyillər. Onlar bu bölgəyə Çar Rusiyası tərəfindən, əsasən, İrandan köçürülmüş gəlmələrdir. Korsikanın müstəqilliyini tələb edən yerli xalq bu adanın əsl sahibləridir. Aralıq dənizindəki bu ada dəfələrlə yadellilər – yunanlar, romalılar və s. tərəfindən işğal olunub. Nəhayət, 1755-ci ildə bu ada növbəti dəfə azadlığa qovuşub və Korsika Respublikası elan edilib. Ancaq Korsika Respublikasının müstəqilliyi uzun sürməyib, Fransa 1768-ci ildə bu adanı işğal edib və öz ərazisinə qatıb. Təəssüf ki, bu gün də Korsikada Fransa hüquq-mühafizə orqanları tərəfindən anti-terror əməliyyatları adı altında repressiv tədbirlər həyata keçirilir. Azad Korsika Partiyasının 10-larla üzvü terror ittihamı ilə həbs olunub. Halbuki, Fransa Araik Arutyunyan kimi terrorçunun səfərinə evsahibliyi edir, onun Fransa mətbuatında təbliğinə hərtərəfli şərait yaradır. Hesab edirəm ki, Fransa hökuməti Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə, öz qanunsuzluqlarını aradan qaldırmalı, Korsikadakı repressiya siyasətinə son qoymalıdır. Eyni zamanda, Avropa Şurası da, Strazburqdan yalnız Şərqə baxmaq siyasətindən əl çəkməli, AŞPA Korsikaya müvafiq faktaraşdırıcı missiya göndərməlidir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bu məsələni diqqətdə saxlamalı və vəziyyəti yerində araşdırmalıdır.
Deputat vurğulayıb ki, korsikalıların sərt şəkildə təqiblərə məruz qalması Fransa siyasətinin iç üzünün ifşası baxımından çox önəmlidir. Demokratiya donuna bürünən bu ölkədə etirazlara şərt şəkildə müdaxilə edilir, Korsika əhalisinin dinc tələbləri birmənalı şəkildə geri çevrilir. Yaxşı olardı ki, Fransa dünyada «ermənilərin müdafiəçisi» imicinə bürünməkdən əl çəkərək öz ölkəsindəki qeyri-qanuni əməllərə son qoysun. Bu gün insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən Fransanın yürütdüyü siyasətin hansı mərama xidmət etdiyi gün kimi aydındır. Bütün baş verən neqativ halların aradan qaldırılması üçün Korsikadakı vəziyyətin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması da zəruridir. Fransanın BMT TŞ-dəki statusundan monopoliya kimi istifadəsinə son qoyulmalıdır.