19 dekabr 2022 23:39
623

Kriminal işbaz Vardanyan erməniləri fəlakətə sürükləyir

Laçın-Şuşa yolunda Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekoloqlarının və gənc fəallarının dinc etiraz aksiyası davam edir. Aksiyaçıların əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun oraya gəlməsi, azərbaycanlı mütəxəssislərə montorinq aparılması üçün lazımi şərait yaratması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsə də, hər iki istiqamətdə təxribatla üzləşib. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Şuşa-Xankəndi yolunda aksiya başlayandan sonra Ermənistan rəsmiləri və xaricdəki ölkələrdəki erməni diasporu bunu “humanitar fəlakət” kimi dünyaya təqdim etmək yönündə ciddi fəaliyyətə başlayıblar.  Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi və blokada barədə iddiaları qara-qışqırıqdan başqa bir şey deyil. Təbii ki, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması vacibdir.

Hər kəsə bəllidir ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.  Dinc etiraz aksiyasının iştirakçıları Ermənistan mülki avtomobillərinin, eləcə də Rusiya sülhməramlılarının təchizat maşınlarının bu yoldan keçməsinə mane olmurlar. Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin müşayiəti ilə ermənilərə məxsus təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb. Azərbaycan Laçın yolu ilə bağlı hər zaman birmənalı mövqe bildirib: bu yoldan qeyri-qanuni iqtisadi və hərbi fəaliyyət üçün deyil, yalnız humanitar məqsədlər üçün istifadə etmək olar. Əslində, ermənilərin mülki avtomobillərinin bu yoldan keçməsinə faktiki olaraq Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarını girov saxlayan və Şuşa-Laçın yolunda dinc aksiyanı “ermənilərin blokadası və humanitar fəlakət” kimi təqdim etmək istəyən, bəzi dairələr tərəfindən “Qarabağa sızdırılan”, özünü separatçı rejimin “dövlət naziri” adlandıran Ruben Vardanyan əngəl törədir.

Bu günlərdə rusiyalı analitik Andrey Petrov bildirib ki, Rusiya vətəndaşlığından imtina edib qanunsuz olaraq Azərbaycan ərazisinə köçərək Qarabağda separatçılıq əhval-ruhiyyəsini qızışdıran, rus sülhməramlılarının arxasında gizlənən R.Vardanyan qırx dörd günlük  müharibə zamanı Rusiyanın ali rəhbərliyinə hərbi əməliyyatlara müdaxilə çağırışı ilə müraciət ünvanlayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasını “faciə” adlandırmışdı. Şübhəsiz, ötən iki il ərzində onun dünyagörüşündə heç nə dəyişməyib: “R.Vardanyanın Qarabağa səfərinin təkcə ideoloji deyil, həm də bayağı maliyyə tərəfi var. Yenə də hansısa əməlindən qazanc əldə etməyə öyrəşmiş iş adamından söhbət gedir. Ruben separatçıların “dövlət naziri” postu vasitəsilə Azərbaycanın indi qanunsuz işlənməsini dayandırmağa çalışdığı qızıl, mis və molibden yataqlarına çıxış əldə edib. Bu, onun Ermənistan-Azərbaycan nizamlanmasının gecikdirilməsi və separatçı layihənin ayaqda saxlanması üzərində işləmək motivasiyasını artırır: layihə bağlanana qədər R.Vardanyan heç bir vergi ödəmədən ona aid olmayan şeylərdən pul qazana bilər”.

 Öz cinayətkar əməllərini ört-basdır etməyə çalışan, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarından milyonlar qazanmağa can atan R.Vardanyan və onun kimilər Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasını “humanitar fəlakət” kimi qələmə verməyə çalışsalar da, heç nəyə nail ola bilməyəcəklər. Çünki kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcək. Xankəndindəki ermənilər də bilməlidirlər ki, R.Vardanyan  öz çirkin əməlləri ilə onları fəlakətə sürükləyir.

Zahid Rza, “İki sahil”