19 dekabr 2022 19:04
558

Prezident İlham Əliyevin unikal kombinasiyası - Aydın Quliyev yazır

İkinci körpünün də reallaşacağına doğru proses gedir, lakin heç də hər şey Azərbaycanın əlində olmadığı üçün proseslərə indikindən artıq sürət vermək olmur. Söhbət Azərbaycan -Zəngəzur dəhlizi-Türkiyə-Avropa və Azərbaycan-Gürcüstan -Qara dəniz-Rumıniya-Macarıst an elektrik xətlərindən,məntiqi olaraq "yaşıl enerji körpülərindən"gedir.

Çoxları əsaslı olaraq gözləyirdi ki, Zəngəzur dəhlizi üzərindən Türkiyə vasitəsilə Avropaya elektrik enerjisinin ötürülməsi daha tez baş tuta bilər. Çünki Vətən Müharibəsinin yaratdığı reallıqların "izləri hələ isti-isti"olanda Rusiya Zəngəzur dəhlizinin mümkün qədər tez açılmasında maraqlı görünürdü. Bu dəhlizin açılmasının İranda doğuracağı narahatlığın bütün konturları və Ermənistanın Zəngəzur dəhlizini olduqca baha qiymətə  satmaq  siyasətinin bütün çərçivəsi isə Rusiya tərəfindən  hələ tam nəzərə alınmamışdı. Aylar ötdükcə, Rusiyada fərqinə varmağa başladılar ki, Zəngəzur dəhlizinin açılması ilə İran və Ermənistan kimi regional müttəfiqlərimizin maraqları arasında balansı heç cür sərf-nəzər etməməliyik, İran və Ermənistan kimi müttəfiqlərimizin işləyən Zəngəzur dəhlizində nələri itirə biləcəklərini bu başdan dəqiq görməli və nəzərə almalıyıq. Üstəlik, Avropa ilə enerji müharibəsinin qızışması Putini məcbur edir ki, Zəngəzur dəhlizinin açılmasına daha təmkinli yanaşsın, bir qədər gözləmə mövqeyi tutsun və Zəngəzur üzərindən Avropaya yeni enerji körpüsünün açılması şanslarını çox da səxavətlə xərcləməsin. Beləliklə, bu və digər arqumentlər Azərbaycandan Avropaya  Zəngəzur üzərindən şərti birinci sayılan "enerji körpüsünün" perspektivlərini bir qədər uzaqlaşdırdı. Taktiki oyunlara alternativlərsiz baş qoşmadığını və hamı üçün çox şeylərin itirilmiş sayıldığı məqamlarda gözlənilməz  kombinasiyalarla  özünü göstərmək qabiliyyətini indiyə qədər artıq bir neçə şəraitdə sübut etmiş İlham Əliyev bu anda da tədbirisiz qalmadı...

Rumıniya səfəri və Buxarestdə məlum strateji əməkdaşlıq sazişinin imzalanması bu cəhətdən önəmli nümayişdir. Prezident İlham Əliyev oturub gözləyəsi deyildi ki, İran-Rusiya-Ermənistan üçlüyü nə vaxtsa "insafa "gələrək Zəngəzur dəhlizinin açılmasında qərarlaşacaqlar. Təbii ki, nə zamansa bu reallıqla onların üçü də hesablaşmalı olacaqlar. Ancaq Azərbaycan Prezidenti bizim xeyrimizə işləyən əlahəzrət zamanın bəxş etdiyi şanslara göz yuma bilməzdi. Buxarestdə Azərbaycan-Gürcüstan -Rumıniya -Macarıstan arasında  "yaşıl enerji"nin hasilatı və ötürülməsi üzərində sazişin  imzalanması mövcud şansları həssaslıqla tutmaq bacarığını növbəti dəfə sərgilədi. Bu saziş Azərbaycandan Avropaya ilk "yaşıl enerji"körpüsü adlandırılır. Siyasətdə, geo siyasətdə və beynəlxalq münasibətlərdə heç nə təsadüf olmur və hər şey bir-birini tamamlayır. Sadəcə bir formulla bunu izah etmək mümkündür. Ərazilərimizin işğaldan azad edilməsi Azərbaycan üçün böyük miqyasda külək, günəş və hidroenerjinin hasilat imkanları açdı, xaricdən bu sektora xüsusi həvəslə investisiya qoyuluşları başladı və bu başlanğıclar hasil olunacaq "yaşıl enerji"nin satışı  üçün stabil və  təminatlı bazar axtarışlarını zəruri etdi. Heç təsadüf deyil ki, İlham Əliyev Buxarestdə "sizə enerji təhlükəsizliyi təminatı, bizə isə stabil bazar təminatları lazımdır" deyə bəyanat verdi. Təkcə bu sözlər Avropa liderlərini növbəti dəfə əmin etmək gücündədir ki, Azərbaycan Prezidenti bütün əməkdaşlıq layihələrinə maksimum ardıcıl və dəqiq hesabatlılıqla yanaşmaq  prinsipinə nə qədər sadiqdir. Azərbaycan Prezidenti bunu Bakı-Ceyhanda, Bakı -Ərzrumda, Bakı -Qarsda, Cənubi Qaz dəhlizində, TANAP-da, TAP-da, İAP-da göstərdi və Transbalkan kəmər layihəsində də göstərmək əzmini  bir an  azaltmır. Avropa liderləri yaxşı anlayır ki, Azərbaycan özünün "yaşıl enerji"mənbələrini nə qədər çox üzə çıxarsa , həm o qədər "yaşıl enerji" ixracına şərait açılacaq, həm də Azərbaycanın ixrac qaz potensialı böyüyəcək ki, bu da avropalılar üçün əlavə qaz həcmi almaq deməkdir. İlham Əliyevin "yaşıl enerjimizin 80 faizini ixrac edəcəyik" bəyanatı Avropa dövlətləri üçün göydəndüşmədir və Rusiyanın ciddi enerji təhdidləri qarşısında onların daha inamlı daxili siyasət aparmaları üçün böyük motiv verir...
Bu mənada İlham Əliyevin Azərbaycanın quruda 27 qiqavat, dənizdə 157 qiqavat  "yaşıl enerji"hasil etmək potensialları barədə söylədikləri Avropa üçün olduqca önəmlidir, həm də Azərbaycanın postmüharibə dövrünə xas yeni güc imkanlarını nümayiş  etdirir.

Burada məsələnin başqa bir tərəfi də var. Bizim Prezident Azərbaycanın bərpa olunan enerji sektoruna hələlik iki qlobal şirkətin sərmayə qoyması və azı 10 qiqavat elektrik enerjisinin hasil olunacağı barədə bəyanatı da təsadüfən  səsləndirmədi. Bu, eyni zamanda, Avropa ölkələrini Azərbaycanın bərpa olunan enerji sektoruna sərmayə yatırmağa güclü  təşviq mesajıdır.