Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və inkişaf modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz Lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var. Prezident İlham Əliyevin rəhbərliyi dövründə və aparılan sosial, kadr, struktur islahatları hər bir vətəndaşın rifahına, ölkəmizin daha da güclənməsinə, sistemli idarə olunmasına xidmət etmişdir.
2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da həm Cənubi Qafqazda, həm də Xəzər dənizi hövzəsində yeni, unikal əməkdaşlıq imkanları yaratmış oldu. Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir. Nəticədə, bu gün Azərbaycan geosiyasi proseslərdə və irimiqyaslı iqtisadi layihələrdə, ilk növbədə, milli maraqlarını nəzərə alaraq iştirak edir, yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin də formalaşmasına təkan verir. Bundan başqa, Azərbaycan əsas geosiyasi oyunçularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan ölkədir və bu məsələdə böyük uğurlar da əldə etmişdir. Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq, həmçinin Şərqi Avropa regionuna təsir edən ciddi bir amilə də çevrilmişdir. Qarışıq geosiyasi və geoiqtisadi reallıqlar fonunda Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir.
Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də türkdilli dövlətlərlə əlaqələrin daim genişləndirilməsi və inkişaf etdirilməsidir. Ümumiyyətlə son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Türkmənistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Prezidentimiz cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. O cümlədən bu gün Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla münasibətlərinin intensivliyi diqqəti cəlb edir. Bunun təsdiqi olaraq 2021-ci ildə imzalanmış və Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Şuşa Bəyannaməsini, eləcə də 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannaməni göstərmək olar.
Məlumdur ki, dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfər edib. Prezident İlham Əliyev Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı hər iki ölkə ilə münasibətlərin səviyyəsinin strateji müttəfiqlik səviyyəsində olduğunu xüsusi vurğulayaraq Türkiyə və Türkmənistan arasında xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini və bu istiqamətin böyük perspektivlərə malik olduğunu bildirib. Ölkə başçısı bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb və hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edib. Bu gün ölkəmiz önəmli tranzit ölkəsinə çevrilib. Prezident cənab İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb.
Azərbaycan bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Prezident İlham Əliyevin Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşdə Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha nəzərə çatdırdığını vurğulayıb: “Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Azərbaycanın regionun logistik potensialını zənginləşdirən layihələri necə uğurla həyata keçirdiyi də məlumdur”. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi, Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Azərbaycan bu imkanları artıq reallığa çevirməkdədir.
Məmləkət Qaraçobanova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı