Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyası davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.
Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uzun illər qanunsuz istismara məruz qalmış yataqlarda ekoloji vəziyyəti nəzarət altına alıb. Lakin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi yerlərdə hələ də buna tam nail olunmayıb. Görünür, erməni əsilli rusiyalı milyarder Vardanyanın Qarabağa köçməsinin əsas səbəblərindən biri də elə budur. Separatçılar 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn öhdəliklərin yerinə yetirilmədiyi bir vaxtda Qarabağın təbii sərvətlərini, eləcə də “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarını mümkün qədər talamağa davam edirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları özlərinə məxsus avtomobillərdə ermənilərə humanitar yardım aparırlar. Şuşa-Xankəndi yolunda aksiya keçirən azərbaycanlılar Laçın istiqamətindən Xankəndi istiqamətinə göndərilən humanitar yardım maşınlarının keçidinə tam şərait yaradırlar. Bu faktlar bir daha göstərir ki, Azərbaycan dövlətinin və eləcə də aksiyada iştirak edənlərin dinc erməni əhalisi ilə hər hansı problemi yoxdur. Rusiya sülhməramlılarına məxsus maşınların aksiya keçirilən yerdən sərbəst hərəkəti isə növbəti sübutdur ki, yolu heç də aksiya iştirakçıları bağlamayıb. Bu yol məhz Rusiya sülhməramlıları tərəfindən bağlanılıb.
Aksiyanın sivil gedişatından da görünür ki, iştirakçılar humanizm prinsiplərinə tamamilə əməl edir, dinc erməni əhaliyə heç bir problem yaratmırlar. Ermənilərin Laçın yolunun bağlanması ilə guya Qarabağdakı mülki şəxslərin, xüsusilə də xəstələrin ərazidən çıxa bilməmələrinə dair iddiaları əsassızdır. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiyanın sülhməramlı kontingenti tərəfindən bağlanıb. Sülhməramlıların bu cür davranışı, aksiya iştirakçılarının tələblərini təmin etməmələri isə sadəcə süni gərginlik yaradır. Fəallar isə israrlıdır, haqlı tələblərimiz nəzərə alınana qədər aksiya davam edəcək.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri