Türk dövlətlərinin böyük və qədim tarixi, eyniköklü xalqa mənsubluğu, zəngin mədəniyyəti, eyni dini inancları və zəngin adət-ənənələri kimi bir çox ortaq cəhətləri vardır. Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan olmaqla, ümumtürk birliyinin yaranması türk dövlətləri arasında beynəlxalq münasibətlərin bütün sahələrində müstəqil əlaqələrin qurulmasına, həmçinin bu dövlətlərin əməkdaşlığına, inkişafına geniş imkanlar açır. Bu gün Azərbaycan beynəlxalq aləmlə yanaşı Türk dünyasında da etibarlı tərəfdaş olaraq böyük nüfuza malikdir. Türkdilli ölkələr arasında əlaqələrin inkşafında aparıcı rol oynayan ölkəmiz türk dünyasının sıx birləşməsi istiqamətində də böyük səylər göstərmiş və töhfələr vermişdir. Böyük tarixi keçmişi olan odlar yurdu Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq çərçivəsində ticarət, iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə regionun nəqliyyat, logistika, kommunikasiya potensialının artırılması, Xəzər dəniz keçidinin nizamlanması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.
Dövlətimizin başçısı bugünədək dəfələrlə Türk dövlətlərində səfərdə olmuş, orada təşkil edilən mötəbər tədbirlərdə iştirak etmişdir. Cari ilin dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub. Zirvə görüşündə 3 ölkə arasında ticarət, enerji və nəqliyyat sahəsində də əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyev zirvə görüşündəki çıxışında Türk dövlətləri və xalqları arasında siyasi-mədəni bağların möhkəmləndirilməsinə və Azərbaycanın bu yöndə siyasi mövqeyinə dair bir neçə mühüm məqama toxundu. 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. 2021-ci ildə Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında Şuşa Bəyannaməsinin imzalanması siyasi əlaqələrimizi yüksək səviyyəyə çatdırmışdır. Həmçinin Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk Dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, eyni zamanda, türk dünyası xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Görüşdə çıxış edən dövlətimizin başçısı mühüm məsələləri qeyd edib, Türk dövlətlərinin bütün məsələlərdə həmrəylik göstərməsinin vacib əhəmiyyətindən söhbət açıb. Azərbaycan dövlətinin göstərdiyi səylər nəticəsində Türkdilli Dövlətlər Təşkilatının yaradılması bu inkişafı daha da sürətləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Orta Asiya regionunda yerləşən Türkdilli dövlətlər və Türkiyə Cümhuriyyəti ilə ikitərəfli və çoxtərəfli iqtisadi-siyasi əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Azərbaycanla Türkdilli dövlətlər arasında ticarət dövriyyəsi hər il artan templə yüksəlməkdədir. Üçtərəfli Zirvə Görüşündə çıxış edən Prezidenti İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlətlərinin bir-biri ilə etnik, dini-mədəni köklərlə, ortaq mənəvi dəyərlərlə sıx bağlı olduğunu və bu dəyərlərin ölkələrimiz arasındakı mövcud əməkdaşlığın inkşafına imkanlar yaratdığını qeyd etdi. Ölkələrimiz arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev hər üç ölkənin beynəlxalq təşkilatlarda və təsisatlarda hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsini vurğuladı.
Böyük Avrasiya coğrafiyasında inteqrasiyanı Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Tarixən mövcud olmuş nəqliyyat marşrutlarının bərpa edilməsi və yeni marşrut dəhlizlərinin yaradılması müasir dövrdə hər bir dövlətin qarşısında strateji vəzifə kimi dayanır. Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Bugünə qədər Türk dünyasında siyasi bağların və müştərək maraqların təminində Qarabağ münaqişəsi əngəl rolunu oynayırdı. Ancaq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə başa çatmasından sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Mərkəzi Asiya ilə əməkdaşlığın formatına yeni rənglərin qatılmasını şərtləndirdi. Xüsusən Zəngəzur dəhlizi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Dünya ölkələri yaxşı bilir ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Ümumilikdə isə Ermənistan öz öhdəliyini icra etməli və başa düşməlidir ki, dəhlizin açılması regiondakı dövlətlər üçün böyük ticari gəlir mənbəyi vəd edir. Eyni zamanda Zəngəzur dəhlizinin açılışı ilə regiona əbədi sülh gələcəkdir. Ölkə başçımız İlham Əliyev Zəngəzur Dəhlizi ilə bağlı bütün işlərin 2024-cü ildə tamamlanacağını və nəticədə yeni nəqliyyat dəhlizinin yaranacağını bildirdi. Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın tranzit ölkəsinə çevrilməsi, regionun loqistik potensialı haqqında da ətraflı məlumat verdi. Eyni zamanda Zirvə Görüşündə Azərbaycan - Türkiyə, Azərbaycan - Türkmənistan arasında iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması, eləcə də Şimal - Cənub, Şərq -Qərb dəhlizlərinin yaradılması istiqamətində Azərbaycanın həyata keçirdiyi böyük nəqliyyat - logistika layihələri barədə çıxış etdi.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri