Prezident İlham Əliyevin dekabrın 14-də Türkmənistana səfəri çərçivəsində Azərbaycan-Türkiyə və Türkmənistan liderlərinin iştirakı ilə keçirilən Üçtərəfli Zirvə Görüşündə iştirakı mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı Zirvə Görüşündəki çıxışında regionda yaranmış yeni reallıqlardan, formalaşan yeni konfiqurasiyadan, türk dövlətlərinin bu prosesdəki iştirakından bəhs edərək deyib: «Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.»
Bu gün artıq türk dövlətləri arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan dövləti qardaş Türkiyə ilə bərabər, Türkmənistanla da əlaqələri yüksək səviyyəyə qaldırmağa başlayıb. Xüsusilə, Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi artıq münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Eyni zamanda, Azərbaycanla Türkmənistan arasında da 2017-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bütün bunlarla yanaşı hər üç dost, qardaş ölkə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərirlər. Ona görə ki, bu amil dostluğun, müttəfiqliyin, qardaşlığın başlıca şərti kimi qəbul edilir.
İndi bu üç ölkə arasındakı mövcud iqtisadi əməkdaşlığın inkişaf dinamikası yüksək səviyyədədir. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara səviyyəsinə yüksəlib. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə qoyuluşu reallaşıb. Türkmənistanla da Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində 5 dəfə artım qeydə alınıb. Bu ölkələrin nəqliyyat-logistika sahəsində qazandıqları böyük uğurları da ciddi önəm kəsb edir. Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib.
Üçtərəfli Zirvə Görüşündə imzalanan mühüm sənədlər var ki, onlar Azərbaycan-Türkiyə-Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişafına yeni imkanlar yaradacaq. Bu sənədlər arasında «Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş», «Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum» və «Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum» və s. imzalanıb.
Türkdilli dövlətlərin nəqliyyat-loqistika imkanlarını daha genişlənməsi üçün Zəngəzur dəhlizinin açılması da əsas məsələdir. Düzdür, Ermənistan bu dəhlizin reallaşmasına hələlik maneçilik törətsə də beynəlxalq təpki və Azərbaycan dövlətinin qəti mövqeyi Zəngəzur dəhlizinin açılmasına şərait yaradacaq. Artıq Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər başa çatmaq üzrədir. Yəni artıq dəmir yolu xətti üzrə 40 faiz, avtomobil yolu üzrə 70 faiz işlər icra olunub. Eyni zamanda, qarşıda duran bütün işlərin 2024-cü ildə tamamlanması mümkün olacaq. Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Çin kimi inkişaf etmiş dövlət və Asiyada yerləşən türkdilli dövlətlər üçün bölgədə yeni nəqliyytat -tranzit imkanları yaranacaq.
Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri