15 dekabr 2022 22:14
506

Zirvə Görüşü tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə öz töhfələrini verəcək

Türkdilli dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması, birliyin təmin olunması nəinki bu ölkələrin iqtisadi inkişafı, eləsə də milli təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Yaxşı haldır ki, son illər Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin səyləri, təşəbbüsləri nəticəsində türkdilli dövlətlərin birliyinin yaradılması və möhkəmləndirilməsi öz bəhrəsini verməkdədir.

Türkmənistanda ilk dəfə olaraq 3 qardaş - Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Zirvə Görüşü bunun əyani ifadəsidir. Bu görüş və imzalanan üçtərəfli sənədlər, səsləndirilən bəyanatlar strateji tərəfdaşlığın gündən - günə gücləndirilməsini, türkdilli ölkələrin yeni qlobal miqyaslı enerji, nəqliyyat layihələri ilə hansı imkanlara və gücə malik olduqlarını bütün dünyaya göstərdi.

Üç qardaş ölkənin rəhbərləri tərəfində imzalanan 5 mühüm sənəd çox böyük əhəmiyyətə malikdir və xüsusilə enerji ehtiyatları tədarükünün genişləndirilməsinə, şaxələndirilməsinə, tranzit - nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə gələcəkdə öz töhfələrini verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev öz çıxışında ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı roluna və dünya dövlətlərinin  enerjiyə olan ehtiyacına diqqəti cəlb etməklə imzalanan sənədlərin vacib olduğunu bildirmiş, Azərbaycan - Türkiyə və Türkmənistan əməkdaşlığına, qardaşlığına böyük önəm vermişdir. Bildirmişdir ki, 2022 - ilin yanvar - oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz, Türkmənistanla 5 dəfə artmışdır.

Ölkəmizin rəhbəri qeyd etmişdir ki, “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat - loqistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır”.

Görüş zamanı ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinə, belə görüşlərin müntəzəm keçirilməsinə böyük önəm verilmiş və ikinci Zirvə görüşünün  Bakıda keçirilməsi qərara alınmışdır.

Hər üç ölkənin rəhbəri Türkmənistan Zirvə Görüşünün nəticələrini qiymətləndirməklə bərabər belə görüşlərin, imzalanan sənədlərin dövlətlərin gələcək inkişafına, möhkəm və hərtərəfli əməkdaşlığa zəmin yaradacağına fayda verəcəyinə əmin olduğunu bildirmişlər.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri