14 dekabr 2022 20:26
540

Ermənilərin törətdiyi ekoloji terrora qarşı keçirilən dinc aksiya dünyaya mesajdır

Xankəndində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilməlidir. Sülhməramlıların vətəndaşlarımızın sərbəst hərəkətinə maneçilik törətmək haqqı yoxdur.

“İki sahil” xəbər verir ki,  bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, əgər Xankəndində yaşayan ermənilər bundan sonra da həmin ərazidə yaşamaq istəyirlərsə, o zaman Azərbaycan qanunvericiliyinə tabe olmalıdırlar: “Xankəndi Azərbaycanın bir hissəsidir və orada yaşayan ermənilər yalnız Azərbaycan qanunvericiliyinin tələblərinə tabe olduqları halda burada yaşaya bilərlər. Çünki qanun hamı üçün birdir və heç kim istisnalıq təşkil etmir”.

Şuşada ermənilərin törətdikləri ekoloji terror əleyhinə keçirilən aksiya olduqca önəmlidir. Xalqımız bu dinc aksiya ilə dünyaya göstərir ki, onlar ermənilərin Azərbaycan ərazilərində həyata keçirdikləri talanlardan, ekoloji cinayətlərdən xəbərdardırlar və bununla barışmaq niyyətində deyillər. Əslində, bu etiraz aksiyası məntiq və mahiyyət etibarı ilə həm də sülhməramlıların hərəkətsizliyinə, onların erməni vəhşiliklərinə göz yummasına yönəlikdir. Çünki ermənilər bütün bu cinayətləri, talan və qarətləri sülhməramlıların gözləri qarşısında törədirlər. Lakin əfsuslar olsun ki, Rusiya sülhməramlıları bu qanunsuzluğun qarşısını almaq üçün hər hansı addım atmayıb və bu gün də atmır. Məhz buna görə də sadə azərbaycanlılar etirazlarını ortaya qoyaraq sülhməramlıları erməni cinayətlərinin qarşısını almağa səsləyir, prinsipial mövqe ortaya qoyurlar. Qeyd edək ki, Laçın yolunu aksiyaçılar deyil, Rusiya sülhməramlıları bağlayıb və buna görə də yolun bağlanması ilə bağlı bütün məsuliyyət məhz onların üzərinə düşür.