14 dekabr 2022 10:34
818

Sülhməramlılar ermənilərin faydalı qazıntı yataqlarımızı qanunsuz istismar etməsinə imkan verməməlidirlər

Dekabrın əvvəlində İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı işğaldan azad olunmuş ərazilərə getmişdi. Lakin sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı monitorinqə imkan verməyib. Belə ki, heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşıblar. Bütün bu olanların davam olaraq dekabrın 12-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin, media nümyaədnələrinin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası davam edir.

Vətəndaşlarımızın təşkil etdiyi dinc aksiya Azərbaycan ərazisindədir və tam olaraq qanuni keçirilir. Buna baxmayaraq, bir neçə gündür ermənilər yenə də beynəlxalq aləmdə guya onların təcavüzə məruz qaldığını, hüquqlarının pozulduğunu aləmə car çəkirlər. Həmçinin Azərbaycan ərazilərində olan qanunsuz qondarma “Dağlıq Qarabağ respublikası” da bu barədə uydurma bəyanatlar yayaraq, yalan məlumatlar tirajlayır. Belə ki, dekabrın 13-də qondarma respublikanın prezidenti Arayik Harutyunyanın sədrliyi ilə iclası keçirilib. İclasda hər zaman olduğu kimi ölkəmizə qarşı yalanlarla dolu bəyanatlar səsləndirilib. Guya Azərbaycanın Ermənistanı xarici dünya ilə birləşdirən dəhlizə mane olması nəticəsində hərbi-siyasi vəziyyət yaranıb. Hətta onlar həyasızcasına bildirilər ki, dəhlizin bağlanması humanitar fəlakətə səbəb olacaq. Ona görə də ermənilər Rusiya sülhməramlı qoşunlarının komandanlığına müvafiq məktub yazmaq qərarına gəliblər. Lakin Ermənistan özünün etdiyi terroru, vandalizmi görməzdən gəlir və Azərbaycanı günahkar tərəf kimi göstərmək istəyir. 30 il ərzində torpaqlarımızı işğal edən, minlərlə vətəndaşımızı vəhşicəsinə qətl edən bir ölkə bu gün haqq-ədalətdən danışır. Eyni zamanda, ekosid, urbsid və kultursid ciyanətlərini törədən də məhz Ermənistandır. Bundan da əlavə, Ermənistan unutmasın ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Düşmən tərəf öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmır və regionda nəqliyyat-kommunikasiya yollarının açılmasına mane olur. Ermənistanın bu addımı isə üçtərəfli Bəyanatın müddəalarını pozulmasıdır.

Amma ermənilər anlamalıdır ki, azərbaycanlı fəallar qanunsuz tələblər irəli sürmürlər. Bütün istəklər qanun çərçivəsində səsləndirilir və reallaşdırılması üçün çağırışlar edilir. Çünki ölkəmizin təbii sərvətlərinin talan edilməsinə son qoyulmalıdır. İstər Ermənistan, istərsə də ona bu işdə kömək edən qüvvələr ərazilərimizdə qanunsuz davranışları dayandırmalıdır. Əks halda Azərbaycan vətəndaşları öz haqlı etirazlarına davam edəcək. Sülməramlılar isə öz vəzifə borclarını yerinə yetirməli, ermənilərin faydalı qazıntı yataqlarımızı qanunsuz istismar etməsinə imkan verməməlidirlər. Həmçinin təxribatçı, cinayətkar şəxslərin Qarabağ gəlməsinə şərait yaratmamalıdırlar. Sülhməramlılar bu problemləri həll edə bilmirlərsə, nəyə görə Qarabağda müvəqqəti məskunlaşıblar? Əgər onlar bacarmırlarsa, Azərbaycan ərazilərini daha tez tərk edəcəklər.

Səlim Rəhimzadə

Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı