13 dekabr 2022 13:54
497

Azərbaycan dövlətini xilas edən Lider

Cəsarətli və uzaqgörən siyasətçi, müdrik dövlət rəhbəri kimi Ulu öndər Heydər Əliyevin bütün işıqlı həyatı, fəaliyyəti nəsillərə örnək ola biləcək əsl məktəbidir.

Sovet qoşunlarının 20 yanvar 1990-cı ildə Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bəyanat vermiş, bu faciənin təşkilatçıları və törədicilərinin cəzalandırılmasını tələb etmişdi. Həmin ilin iyulunda vətənə qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyasının Sədri olmuşdur.

Vətənə qayıdışı ilə xalqın ürəyində bir ümid işığı yandıran Heydər Əliyevin bütün sonrakı həyatı müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni inkişafına, xalqının, millətinin tərəqqisinə həsr olundu. Özünün dediyi kimi, o, ömrünün qalan hissəsini xalqına bağışladı.

1993-cü ilin əvvəllərində Azərbaycanda xaos, gərginlik, vətəndaş qarşıdurması hökm sürürdü. Xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-dən Azərbaycan Ali Sovetinin Sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabr ayının 3-də isə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu öndər prinsipial mövqeyi, qətiyyəti və zəngin rəhbərlik təcrübəsinə istinad edərək respublikada baş verən vətəndaş qarşıdurmasına, gərginliyə son qoydu, Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi.

“Məqsədimiz yeni, sağlam Azərbaycan cəmiyyəti qurmaqdır” ideyasını irəli sürən Heydər Əliyev qüdrətli, möhtəşəm bir abidənin-müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı oldu.

O, ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə iqtisadi sahədə islahatların həyata keçirilməsinə zəmin yaratdı.

20 sentyabr 1994-cü ildə müxtəlif ölkələrin ən iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycanın gələcəyi üçün yaratdığı ən möhkəm təminat idi və Ulu öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan həyata keçirdiyi neft strategiyası ilə bölgənin ən qüdrətli və beynəlxalq aləmdə nüfuz sahibi olan ölkəsinə çevrilmişdir.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Böyük İpək yolu, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri bu gün də nəinki təkcə Azərbaycan, bütövlükdə region üçün əhəmiyyət kəsb etməklə Qərblə-Şərq arasında körpü yolu oynayır. Ulu öndər Heydər Əliyev dünya siyasət meydanında mötəbər söz sahibiydi. 12 may 1994-cü ildə imzalanan Bişkek protokoluna əsasən ermənilərin hərbi təcavüzünün qarşısını almaq üçün atəşkəsə nail oldu və ordu quruculuğu sahəsində mühüm addımlar atdı. Milli hərbi kadrların hazırlanması üçün 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.

Ulu öndər Azərbaycanın mədəni yüksəlişi, milli-mənəvi dəyərlərimizin qorunması yolunda əbədi bir məşəl yandırmışdır. 15 iyun 1999-cu ildə Heydər Əliyev “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat proqramı”nı təsdiq etdi və bununla da ölkəmizin yaxın 15 il ərzində təhsil strategiyasının əsasını qoydu.

1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi böyük təntənə ilə qeyd edildi. 2001-ci ildə Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. O, dini dəyərlərə ehtiramlı münasibəti ilə əsl tolerantlıq nümayiş etdirirdi və bu gün də Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Ulu öndər milli qeyrət, mənəvi saflıq, xalqına dövlətinə, dilinə sədaqətin simvolu idi.

Bu gün Ulu Öndərin ruhu şaddır. Onun siyasi kursunun layiqli davamçısı prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu. Azərbaycan dahi Heydər Əliyevin görmək istədiyi qüdrətli, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan,möhtəşəm uğurlara imza atan əzəmətli bir ölkəyə çevrilmişdir.

Ülvi Abbasov,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının məsləhətçisi