Xalqımız hər il 12 dekabr ulu öndər Heydər Əliyevin anım gününü rəhbərə böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı müasir dünya tarixinə böyük şəxsiyyət, qeyri - adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yazılmışdır.
Heydər Əliyevin həyat yolu yüksək əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Ulu Öndər xalqa göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı Fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə dahi rəhbər kimi yaddaşlarda qalmışdır. Bu dahi insan tarix yazan və yaradan, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən idi. Ulu öndər Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. O, analitik düşüncə tərzi, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti, yüksək intelekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafındakıları heyrətləndirirdi.
Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan ulu öndər Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycan xalqının Ümummilli Liderini minnətdarlıqla xatırlayırsa, ünvanına xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bunun özü millətimiz üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən Ümummilli Lideri olmuşdur.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və bütün çətin situasiyalardan qalib çıxır. Ulu Öndərimizin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Telman İbadov,
YAP Yasamal rayon təşkilatının A.M.Şərifzadə küçəsi 762 (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs) ünvanı üzrə ərazi partiya təşkilatının sədri