Muxtar respublikanın ev sahibliyi etdiyi on altı yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları ilə muxtar respublikanın təbii şəfa ocağı Duzdağ Fizioterapiya Mərkəzi və mədəniyyət müəssisələri ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, Duzdağ Fizioterapiya Mərkəzində qonaqlara səhiyyə müəssisəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, yer altındakı duz dağının qalınlığı 8,2 metrə bərabər olan mərkəzdə oksigen və zəngin duz minerallarının yaratdığı hava bir çox xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağ ciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində xüsusi rol oynayır. Havanın temperaturu isə sabitdir – 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Duz şaxtalarının bura verdiyi ecazkar görüntü qonaqlara xoş ahəng bəxş edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə yaradılan Duz Muzeyində saxlanılan və muxtar respublikada aparılan beynəlxalq arxeoloji ekspedisiya nəticəsində əldə edilmiş xeyli sayda maddi mədəniyyət nümunələri qonaqlarda böyük maraq yaradıb. Diqqətə çatdırılıb ki, belə bir muzeyin yaradılması muxtar diyarımızın tarixinə, milli-mədəni dəyərlərə göstərilən diqqət və qayğının növbəti bir nümunəsidir.
Qonaqlar “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində də olublar. Məlumat verilib ki, muxtar respublikada belə abidələrin qorunub yaşadılması dini-mənəvi dəyərlərin təbliğ olunması istiqamətində və turizm potensialının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Bildirilib ki, ziyarətgahın adı “Mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.
Ekskursiya zamanı AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibə verən Cənubi Afrika Respublikasının vətəndaşı Tandi Boşoma deyib: “Duzdağın təmiz havası və muzeydə yaradılan şərait mənim və dostlarımın marağına səbəb oldu. Sıra dağlarla əhatə olunmuş bu gözəl dini yeri – Əshabi Kəhfi görmək, yəqin ki, hər kəsə qismət olmaz. Bu barədə mən özümü şanslı sayıram. Bu gözəllikləri görmək, insanların mehribanlığına şahid olmaq bizə əvəzolunmaz hisslər yaşatdı. Naxçıvanda keçən bu müddət mənim xatirəmdə həmişəlik qalacaq. Mən ailəmlə birgə buraya yenidən gəlməyi düşünürəm”.
Monqolustan komandasının kapitanı Buyan Tsetseq isə bildirib ki, şahmatçılarımız burada sanki evdə olduğu kimi hərəkət edirlər. Hər şey çox yaxşı düşünülüb. İstər idmançıların və qonaqların rahatlığı, onların hotellərinin seçimi, istərsə də nəqliyyat xidməti çox rahatdır. Naxçıvanı və buradakı insanları çox sevdim. Şəhərin sakit və təmiz olması ilə yanaşı, insanlar dostcasına bizə münasibət göstərdilər. Xüsusilə qonaqlar üçün nəzərdə tutulan turlar çox əla idi. Burada biz çox muzey və abidələrdə olduq. Naxçıvan tarixi zəngin olan bir diyardır. Naxçıvana gələn istənilən qonaqdan soruşsanız, o buranın necə gözəl məkan olduğunu deyəcək.
Meksika komandasının nümayəndəsi İsak Antonio Qarsiya qeyd edib ki, uzaq diyara gəlmək çox xoş, maraqlı və əyləncəlidir. Burada komandamız əla oyun nümayiş etdirdi. Düzdür, nəticələrə baxdıqda, bəzi komandalarla oyunlarda oyunçularımız məğlub oldu. Lakin onlar hələ uşaq və yeniyetmədir, gələcək karyeraları qarşıdadır. Onlar üçün bu olimpiada bir sınaq və rəqabətdir. Biz hər zaman şahmatçılarımıza daha çox dostluq qurmalarını və dünyanın hər yerində dostlarının olmasını deyirik. Burada çoxlu dostlar qazandıq və bunun davam edəcəyini düşünürük. Olimpiada çox əla səviyyədə təşkil olunub. Sonda hər bir təşkilatçıya, bizləri burada qonaq yox, dost kimi qəbul edən insanlara minnətdarlığımı bildirirəm.
Naxçıvana gəldiyi ilk gündən buranın gözəlliyinə heyran olduğunu bildirən Livan komandasının məşqçisi Mark Nassal deyib: “Oyunlara Livandan qatılaraq məşqçi qismində iştirak edirəm. Naxçıvana gəldiyim ilk gündən buranın gözəlliyinə heyran qalmışam. İnsanları qonaqpərvərdir. Duzdağı ilk dəfə görürəm, çox maraqlı yerlərdən biridir. Olimpiadaya gəldikdə isə oyunlar yüksək səviyyədə keçirilir. Bizim rəqiblərimiz, həqiqətən də, güclüdürlər. Onlarla gözəl bir oyun nümayiş etdirmək bizim üçün də sevindirici haldır”.