26 avqust 2022 23:25
735

Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan və Qazaxıstan arasındakı mövcud ikitərəfli münasibətlər qədim tarixə malikdir. Azərbaycan ilə Qazaxıstanı tarixi dostluq-qardaşlıq münasibətləri bağlayır. Həmçinin eyni soykök, dil və din eyniliyi, qədim tarixi münasibətlərə və ənənələrə malik olmağımız da mühüm önəm kəsb edir. İki qardaş ölkə arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə qurulmuşdur. Hələ Çar imperiyası və Sovetlər ittifaqı dövründə xalqlarımız vahid mərkəzdən idarə olunublar. Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin repressiya dövründə Stalin tərəfindən oraya məcburi köçürülənlər və onların övladlarıdır. Hazırda Qazaxıstanda qeyri-rəsmi məlumatlara görə üç yüz minə yaxın azərbaycanlı yaşayır. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında və digər sahələrdə fəal şəkildə iştirak edirlər.

SSRİ-nin tərkibində olarkən ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Sovet dönəmində Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri və Azərbaycan neftçiləri səmərəli fəaliyyət göstəriblər. Xəzər dənizi hövzəsində də Azərbaycan və Qazaxıstan neftçiləri, mühəndisləri birgə əməkdaşlıq ediblər və günümüzdə də bu ənənə davam etməkdədir.

Sovet İttifaqı dağıldıqdan və müstəqil dövlətlər yarandıqdan sonra ikitərəfli münasibətlər daha da inkişaf etməyə başlamışdır. 1990-cı illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın yaranmasından keçən 30 il ərzində ikitərəfli münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. 9 yanvar 1993-cü ildə Qazaxıstanın Azərbaycandakı səfirliyi Bakı şəhərində, 1 mart 2004-cü il tarixində isə Azərbaycanın Qazaxıstanda səfirliyi fəaliyyətə başlamışdır. 30 aprel 2008-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Aktau şəhərində Baş Konsulluq təsis edilmiş və həmin ilin sentyabr ayından etibarən fəaliyyətə başlamışdır.

Qazaxıstan Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib. Qazaxıstanın ictimai-siyasi xadimi, böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı kəskin şəkildə çıxış edərək Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Türkdilli dövlətlərlə nəqliyyat, enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Bu gün ölkələrimiz arasında nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində Azərbaycan şirkətlərinin iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır.

Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir.

Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlıq və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına bundan sonra da çox mühüm töhfə verəcəkdir.

Cavid Mehdizadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı