03 sentyabr 2026 15:48
44

Azərbaycanın Avrasiya məkanında rolu artmaqdadır

Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubileyinə həsr olunmuş Bişkek sammiti beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi proseslərin cərəyan etdiyi bir dövrdə keçirildi. Avrasiyanın böyük hissəsini əhatə edən, dünya əhalisinin əhəmiyyətli qismini və qlobal iqtisadiyyatın aparıcı güclərini bir araya gətirən ŞƏT-in yubiley toplantısı yalnız təşkilatın keçdiyi 25 illik yola nəzər salınması baxımından deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkdi.

Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı ölkəmizin ŞƏT ilə münasibətlərinin son illərdə qazandığı dinamik inkişafın növbəti göstəricisi kimi qiymətləndirilir.

Azərbaycan artıq uzun müddətdir ki, ŞƏT məkanında fəal tərəfdaş kimi çıxış edir. Ölkəmizin təşkilatla münasibətlərinin inkişafında Prezident İlham Əliyevin yüksək səviyyəli sammitlərdə iştirakı və irəli sürdüyü təşəbbüslər mühüm rol oynayır. Azərbaycanın ŞƏT-lə əlaqələrinin genişlənməsi təsadüfi deyil. Bunun arxasında ölkəmizin həm geosiyasi mövqeyi, həm iqtisadi potensialı, həm də müstəqil və çoxşaxəli xarici siyasət kursu dayanır.

Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın təşkilata münasibətinin əsas xəttini bir daha ortaya qoydu. Dövlət başçısının yanaşmasında əməkdaşlıq, qarşılıqlı fayda, nəqliyyat bağlantılarının inkişafı, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və regional sabitlik kimi məsələlər xüsusi yer tutur.

Bu yanaşmanın mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan ŞƏT-i yalnız siyasi dialoq platforması kimi deyil, eyni zamanda Avrasiyanın nəqliyyat, enerji, ticarət və iqtisadi əlaqələrinin inkişaf etdirilməsi baxımından böyük imkanlara malik məkan kimi nəzərdən keçirir.

Bu mövqedə Azərbaycanın coğrafi üstünlüyü xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Avrasiyanın müxtəlif iqtisadi məkanlarını birləşdirən mühüm həlqəyə çevrilir. Orta Dəhlizin inkişafı, Bakı Limanının imkanlarının artırılması, dəmir yolu və digər nəqliyyat infrastrukturlarının modernləşdirilməsi Azərbaycanın ŞƏT məkanı ilə əməkdaşlığını praktiki məzmunla zənginləşdirir.

Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirləri Azərbaycanın öz coğrafi mövqeyindən yalnız siyasi deyil, həm də iqtisadi və logistika baxımından maksimum səmərəli istifadə etmək strategiyasının davamı kimi qiymətləndirmək mümkündür.

ŞƏT-in 25 illik yubileyi təşkilatın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirdi. Dünyada yeni güc mərkəzlərinin meydana çıxdığı, çoxqütblü dünya nizamının formalaşdığı bir şəraitdə ŞƏT məkanı xüsusi geosiyasi əhəmiyyət qazanır.

Azərbaycanın belə bir platformada fəal iştirak etməsi ölkəmizin xarici siyasətinin mühüm xüsusiyyətlərindən birini — müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qurmaq siyasətini nümayiş etdirir.

Azərbaycanın xarici siyasətində əsas məqsədlərdən biri hər hansı siyasi blokun qarşısında dayanmaq deyil, milli maraqlara uyğun olaraq müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirməkdir. ŞƏT istiqamətindəki siyasət də məhz bu yanaşmanın tərkib hissəsidir.

Bu mənada Bişkek sammiti Azərbaycanın həm Mərkəzi Asiya, həm Çin, həm Rusiya, həm İran, həm də Cənubi və Şərqi Asiyanın digər ölkələri ilə çoxtərəfli münasibətlərinin inkişafı üçün mühüm siyasi platforma rolunu oynayır.

Bişkekdə keçirilən yubiley tədbiri bir daha göstərdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus siyasi mövqeyə malik ölkədir.

Ölkəmizin ŞƏT ilə əməkdaşlığının genişlənməsi, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Çinlə strateji tərəfdaşlığın inkişafı, Türkiyə ilə müttəfiqlik münasibətləri və eyni zamanda Avropa ilə enerji və nəqliyyat əməkdaşlığının dərinləşməsi Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini nümayiş etdirir.

Bişkek sammitinin Azərbaycanın siyasi əhəmiyyəti baxımından əsas nəticəsi ondan ibarətdir ki, ölkəmiz Avrasiyanın müxtəlif istiqamətlərini birləşdirən proseslərin getdikcə daha fəal iştirakçısına çevrilir. Azərbaycanın coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları, siyasi sabitliyi və müstəqil xarici siyasəti bu mövqeyi daha da möhkəmləndirir.

Əminə Ağazadə,

Milli Məclisin deputatı