26 avqust 2022 17:08
734

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.

Azərbaycan və Qazax xalqları tarixi, mədəni və ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün mədəni əlaqələrin genişləndirilməsi üçün heç bir maneə yoxdur. Hər iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr intensiv xarakter alıb. 1997-ci il iyunun 10 Azərbaycan Prezidenti Heydər Əliyevə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Azərbaycan-Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər. Qazaxıstan Orta Asiyada Azərbaycanın ən yaxın tərəfdaşıdır.

1998-ci ildə isə Qazaxıstan ilə dostluq münasibətlərinin inkişafında göstərdiyi xidmətə görə Heydər Əliyevə "Astana" dövlət medalı təqdim olunub. Qazaxıstan Prezidenti N.Nazarbayev 2000-ci ilin aprel ayında Bakıda "Kitabi Dədə Qorqud" dastanının 1300 illiyində iştirak edib.

Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.

Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Katya İbrahimli,
YAP-ın gənc fəalı