Avqust ayının 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə bir sıra mühüm məsələlər müzakirə olunmuşdur.
Qazaxıstan və Azərbaycan Respublikaları arasında dostluq, mədəni, iqtisadi və siyasi əlaqələr hər zaman yüksək səviyyədə irəliləmişdir. Mədəni və mənəvi dəyərlərdəki yaxınlıq bu iki xalq arasında müsbət münasibətlərin yaranmasına səbəb olmuşdur.
Müstəqillik qazandıqdan sonra Azərbaycan hər zaman qonşu dövlətlərlə dostluq və qardaşlıq münasibətini qorumağa çalışmışdır. Baş verən hər hansı qarşıdurmalara belə, danışıqlar yolu ilə son qoymaq prinsipini əsas tutmuşdur. Ölkənin siyasi həyatında son onilliklərin ən mürəkkəb problemi Qarabağ münaqişəsi sayılır. Dövlət olaraq bütün beynəlxalq səviyyəli müzakirələrdə münaqişənin siyasi yollarla həll edilməsi mövqeyinin nümayiş olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, bu problem fərqli şəkildə, müharibə yolu ilə uğurla sonlandırıldı. Azərbaycanın Qarabağ probleminin həllində tutduğu mövqe, siyasi dözümlülüyü, 44 günlük müharibə zamanı beynəlxalq müqavilələrin nəzərdə tutduğu prinsiplərə əməl edərək ərazi bütövlüyünün bərpası dünya siyasətçiləri tərəfindən müsbət qarşılanmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı bu siyasi cəhət qeyd edilərək yüksək qiymətləndirilmişdir.
Səfər çərçivəsində mühüm hadisələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunmasıdır. Bu orden dövlətin idarəsində müstəsna xidmətləri olan şəxslərə verilir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki dövlət arasında siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi xidmətlərinə görə “Altın kıran” ordeni layiq görüldüyünü vurğulamışdır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxışında Qazaxıstanda xalqın cənab İlham Əliyevi görkəmli dövlət xadimi kimi yüksək qiymətləndirdiyini, Azərbaycanın Vətən müharibəsindəki qələbə, ərazi bütövlüyünün bərpa edilməsində apardığı siyasəti yüksək qiymətləndirdiyini bildirmişdir.
Bahar Məmmədova,
Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təçkilatının Ərazi partiya təşkilat sədri