Hazırda dünyada baş verən yeni geosiyasi prosseslərin yaratdığı vəziyyət ənənəvi nəqliyyat yollarının, köhnə nəqliyyat infrastrukturunun alternativini yaratmağı labüd edir.
Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu xüsusi vurğulamaq lazımdır. Orta Dəhliz layihəsi kimi tanınan bu layihənin Azərbaycan-Qazaxıstan əlaqələrinin güclənməsində böyük rolu var. Təkcə bu dəhliz vasitəsilə yük daşımaların həcminin il sonuna qədər 6 dəfəyə yaxın artacağı gözlənilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşündə imzalanan memorandomda tranzit yükdaşımaları sahəsinin xüsusi vurğulanması bu sahənin inkişafına olan marağın göstəricisidir. Ölkələrimiz arasında yük axının birləşdirilməsi yaxın gələcəkdə Orta dəhlizi beynəlxalq əhəmiyyətli yükdaşıma xəttinə çevirəcək.
Müvafiq orqanlar uzun müddətdir ki, bununla bağlı planlar hazırlayır. Azərbaycanın və Qazaxıstanın coğrafi xüsusiyyətləri – Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələr arasında səmərəli və yaxşı qurulmuş nəqliyyat şəbəkəsinin təmin edilməsi üçün real şərtlər yaradır.
Görünən odur ki, ölkə başçılarının son görüşündən sonra Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi əlaqələr kompleks şəkildə artacaq, ticarət dövriyyəsi çoxalacaq. Bu da öz növbəsində iqtisadi inkişafımızın dayanıqlılığını ikiqat artıran faktordur.
Yeganə Abbasova,
Nizami Bələdiyyəsinin əməkdaşı