Azərbaycan-Qazaxıstan münasibətlərinin əsas istiqamətlərindən biri də iki ölkə arasındakı iqtisadi əlaqələrdir. Hələ 23 il əvvəl - 1999-cu ildə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.
Ötən dövr ərzində Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, hər iki ölkənin əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirib çıxarıb. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır. Həmçinin ötən il Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evi açılıb.
İki ölkə arasında ticarət dövriyyəsi ötən il 136 milyon ABŞ dollarına yaxın olub. Əvvəlki illərlə müqayisədə bu göstərici az olsa da ticarətin strukturu burada yenidən müsbət dinamikanın yaranacağını deməyə əsas verir. Azərbaycana dost ölkədən əsasən buğda, təbii barium sulfatı (barıt), xam neft və bitumlu minerallardan alınan xamneft məhsulları idxal edilir. Qazaxıstana isə ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza, meyvə, meyvə şirələri, mebellər ixrac olunur.
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iki ölkənin iqtisadi əlaqələrində yeni səhifənin açılmasına imkan verir. Səfər çərçivəsində imzalanan sənədlərin əksər hissəsinin bu sferada olması da qeyd etdiyimiz fikri təsdiq edir. Bu sənədlər enerji, transit yükdaşımaları, informasiya-kommunikasiya texnologiyaları, dəmir yolu, ticarət və digər sahələrə aiddir.
İmzalanmış sənədlər arasında mühüm əhəmiyyət kəsb edənlərdən biri “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “QazaqGas” milli şirkət” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandum”dur. SOCAR-ın yaydığı məlumata görə, sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsini, qaz-kimya sahəsinin inkişafını, qazın nəqlinin modernləşdirilməsini, bu sektorda innovativ texnologiyaların tətbiqini və digər önəmli istiqamətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur. Bundan başqa, Memorandumun tərəflər arasında sıx kommersiya əlaqələrinin inkişaf etdirilməsinə, ikitərəfli investisiya və texnoloji mübadilələrin həcminin artırılmasına xidmət edəcəyi vurğulanıb.
Bundan başqa, Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsini kəskin artırmağı planlaşdırır.Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında dövlətimizin başçısı İlham Əliyev bildirib ki, iki ölkə arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətlər üzərində cəmləşdirilməsi daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək: “Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq. Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək. Mənim fikrimcə, burada böyük potensial var. Düşünürəm ki, Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi – 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev isə bildirib ki, tərəflər qarşılıqlı ticarətin məhz mütləq rəqəmlərinin artması üçün hər cür səy göstərəcəklər: “Ötən ilin yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi üç dəfə artıb, yəni müsbət dinamika qorunub saxlanılır. Lakin mütləq rəqəmlərdə bu nəticə kifayət qədər ürəkaçan görünmür. Buna görə də bu gün razılaşma əldə edilib ki, tərəflər qarşılıqlı ticarətin məhz mütləq rəqəmlərinin artması üçün hər cür səy göstərəcəklər. Yəqin ki, yaxın illərdə biz milyard dollar həddinə nail olmaq barədə danışa biləcəyik”.
Qazaxıstanın Prezidenti kənd təsərrüfatı sahəsini xüsusi qeyd edərək bu sahənin xarici ticarət dövriyyəsinin artmasında imkanlarına toxunub: “Burada biz bir-birimizi qarşılıqlı tamamlayırıq. Bilirsiniz ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, bizdə Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var. Ümumiyyətlə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar”.
Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatını sədri