26 avqust 2022 15:53
631

Azərbaycan Prezidentinin siyasi nüfuzu iki dövlət arasında əlaqələrin formalaşmasında əsas faktordur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.Bunun başlıca səbəbi isə Qazaxıstanda İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanınması, ehtiram bəslənməsi, hörmət edilməsidir. Həmçinin, İlham Əliyev 2 dövlət  arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verir. Bütün bunların nəticəsi olaraq İlham Əliyevə qazax xalqı adından, Kasım-Jomart Tokayev tərəfindən ehtiram əlaməti olaraq “Altın kıran” ordeni təqdim edildi. İlham Əliyev təqdim edilən  mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edib.

Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, ortaq köklər bağlayır. Həmçinin hər iki dövlət - Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrin nüfuzu artır. Bundan əlavə İlham Əliyev Azərbaycan dövlətinin Qazaxıstanın  yürütdüyü islahatlar kursunu tamamilə dəstəklədiyini, Qazaxıstan ilə münasibətlərin bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacağını qeyd edib.

Qazaxlarla azərbaycanlıların bir-birinə dərin hörmətlə yanaşmasından danışarkən belə faktı da vurğulamamaq olmaz ki, hələ 2000-ci illərin əvvəlində paytaxt statusunu yenicə almış Astanada küçələrdən birinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilmişdi. Qazaxıstanlılar bu böyük siyasi xadimin, öz xalqının həqiqi vətənpərvərinin və ləyaqətli oğlunun gördüyü işlərə və qazandığı nailiyyətlərə dərin ehtiram hissi ilə yanaşırlar. Öz növbəsində, Bakıdakı küçələrdən birinə böyük qazax yazıçısı və mütəfəkkiri Abay Kunanbayevin adı verilib. Bu ortaq mənəvi dəyərlərə və xalqların irsinə ehtiramın rəmzi olan layiqli jestlərdir.

İlham Əliyev xüsusi olaraq bildirib ki, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir.Qeyd etmək lazımdır ki, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı