"Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib. Bu gün Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Rəşadətli ordumuz 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat üstün olduğunu bütün dünyaya sübut etdi. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi."
Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K. Bayramov qeyd edib ki, ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.
Deputat bildirib ki, ermənilərin gedərkən evlərini, meşələri yandırmaları onların buralara bir daha qayıtmaq ümidinin olmamasını, xislətini, barbarlığını göstərir. Halbuki o vaxt azərbaycanlılar doğma yurdlarından didərgin salınanda nə vaxtsa oraya yenidən qayıdacaqlarını bildikləri üçün heç bir yanğın və ya dağıntı törətməmişdilər. Çünki bölgənin əsl sahibləri azərbaycanlılardır və bu əhali bilirdi ki, tez-gec doğma yurda qayıdacaqlar.
K.Bayramov diqqətə çatdırıb ki, Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının qələbəsidir. Dövlət başçısının dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq.
Şəmsiyyə Əliqızı, “İki sahil”