Azərbaycan–Qazaxıstan əməkdaşlığının qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında münasibətlər getdikcə genişləndirilir.
Məlumdur ki, Azərbaycan və Qazaxıstan ölkələri arasındakı münasibətlər dərin köklərə, güclü əsaslara malikdir. Buna əsas səbəb hər iki ölkənin xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda, tarixi ortaqlığıdır. Həmçinin Azərbaycan və Qazaxıstan ölkələrinin münasibətlərindəki yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından qaynaqlanır. Vurğulamaq lazımdır ki, hər iki ölkənin əlaqələrinin inkişafı müstəqillik illərinə də təsadüf edir. Belə ki, keçmiş SSRİ dövründə olduğu kimi müstəqillik illərində də iki ölkə arasında hərtərəfli əməkdaşlığın təmin olunmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Məhz, bu münasibətlər bu gün uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir daha təsdiqləyir.
Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin respublikamıza səfəri zamanı bu münasibətlər barədə ətraflı danışıb. Dövlətimizin başçısı Azərbaycan--Qazaxıstan əməkdaşlığının uğurla inkişafı ilə bağlı bildirib ki, hazırda bu münasibətlər strateji səviyyəyə çatıb: “Son dövrlər biz münasibətlərimizi daha da artırmışıq, dövlət başçıları səviyyəsində bir neçə səfərlər olub. Təsadüfi deyil ki, 2004-cü ildə yeni seçilmiş Prezident kimi mənim ilk rəsmi səfərlərimdən biri, daha dəqiq desəm, sayca üçüncü rəsmi səfərim Qazaxıstana oldu. Bu, bizim münasibətlərin xarakterini vurğulayırdı. Oktyabr ayı yüksək səviyyədə görüşlər baxımından çox məhsuldar olub. Prezident İlham Əliyev nitqində daha sonra iki ölkə arasında münasibətlərin zamanın sınağından uğurla çıxdığını, həyatın demək olar ki, bütün sahələrini – iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrini əhatə etdiyini vurğulayıb. Dövlətimizin başçısı məhz buna görə də əməkdaşlığın inkişaf perspektivlərinin çox müsbət olacağına, bundan sonra da ikitərəfli formatda müştərək layihələrin həyata keçiriləcəyinə əminliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən uzun illər ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçmişdir. Xüsusən, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib.
Vurğulamaq lazımdır ki, bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Azərbaycanın sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır.
İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir.
Unutmaq olmaz ki, Vətən müharibəsi dövründə Qazaxıstan dövlətinin, bütün qazax xalqının ölkəmizin haqlı mübarizəsini dəstəkləməyi qaçılmaz olmuşdur. Bunun davamı olaraq Qazaxıstanın Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğu, eləcə də işğaldan azad edilmiş Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini inşa etməsi bu baxımdan təsadüfi deyildir. Bütün bunlar bir daha onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olaraq daha da inkişaf edəcəkdir.

Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri,
Vətən Müharibəsi qazisi