Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var
Prezident İlham Əliyev Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib ki, nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı infrastrukturun yaradılması üçün hər iki ölkədə vaxtında tədbirlər görülüb: “İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.”
Dövlət başçısının bəhs etdiyi Orta Dəhlizə bu gün qlobal miqyasda böyük maraq göstərilir və bu da təsadüfi deyil. Orta Dəhliz və ya başqa adı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır. Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb. “Vahid pəncərə” prinsipi tətbiq olunur.

Cari il ərzində isə bu xəttə olduqca böyük maraq ifadə edilir və bunun ümdə səbəbi Rusiya-Ukrayna müharibəsidir. Rusiyadan yan keçən marşrutlar axtaran transmilli daşıyıcı şirkətlər diqqətini Orta Dəhlizə daha çox yönləndirməyə başlayıb. Bunun nəticəsidir ki, cari ilin ilk yarısında Orta Dəhlizlə yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 15% çox olub. Bu xətt üzrə yükdaşımaların daha da artması gözlənilir. Məsələ burasındadır ki, son vaxtlara qədər Çin və Avropa İttifaqı (Aİ) arasında yük daşımalarının 95%-i Qazaxıstan, Rusiya və Belarusdan vasitəsi ilə Şimal Dəhlizindən keçib. Lakin Ukraynadakı müharibədən sonra Qərbin şimal qonşumuza tətbiq etdiyi sanksiyalar fonunda beynəlxalq daşıyıcılar getdikcə daha çox Rusiyadan yan keçən alternativlər axtarır. Bu isə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Orta Dəhlizə tələbi xeyli artırıb. İndi getdikcə daha çox şirkət Rusiya ərazisindən tranzitdən yayınmağa üstünlük verir, çünki marşrutu təhlükəli hesab edirlər. Bununla belə, Çin və Avropa arasındakı dəmir yolu dəhlizi ilə yükdaşımalara daha çox Rusiya ərazisindən tranzit daxildir. Hazırda Rusiya dəmir yolları ilə əlaqələrin olmamasını istəyənlər üçün ən yaxşı variant olaraq Orta Dəhliz təklif edilir.
Orta Dəhliz vasitəsilə yükdaşımaların operatoru olan “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi “ADY Container” MMC-nin illik hesabatına əsasən, Orta Dəhliz ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları arasında ən mühüm dəhlizdir. Belə ki, ölkəmizin ərazisindən keçən digər nəqliyyat marşrutları ilə müqayisədə dəmir yolu ilə konteyner yükdaşımaları ən çox bu marşrut vasitəsilə həyata keçirilir. Orta Dəhliz üzrə Azərbaycan ərazisindən keçməklə 2021-ci ildə əsasən 12 istiqamətdə həyata keçirilmiş yükdaşımaların strukturunda birinci yerdə Çin-Türkiyə, ikinci yerdə Qazaxıstan-Türkiyə, üçüncü yerdə isə Gürcüstan-Qazaxıstan istiqamətidir. Orta Dəhliz vasitəsilə Azərbaycan üzrə ümumi konteyner yükdaşımaların strukturunda ixrac, idxal və tranzit istiqamətlərinin payı ilə əlaqədar olaraq qeyd olunmalıdır ki, 2021-ci ildə tranzit istiqamətinin payı 92,4% olmaqla maksimal həddə çatıb. Cari il ərzində bu göstərici daha da artıb. Hazırda Mərkəzi Asiya ölkələrindən Orta Dəhlizə müraciətlər çox olur. Xüsusən da Qazaxıstan buna daha çox maraq göstərir. Bu məsələdə Azərbaycan-Gürcüstan-Qazaxıstan arasında birgə operatorun yaradılması ilə bağlı razılıq əldə edilib.
Ümumiyyətlə, Azərbaycanın malik olduğu infrastuktur, digər tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün kifayət qədər cəlbedicidir. Elə bunun nəticəsidir ki, sözügedən regionda yer alan ölkələr Azərbaycan üzərindən daha çox həcmdə məhsul ixracı istiqamətində aktiv fəaliyyətə start veriblər. Digər tərəfdən, burada nəzərə alınır ki, Rusiya üzərindən ixrac hər an Qərb sanksiyaları və digər səbəblər üzündən dayandırıla bilər. Bu səbəbdən Mərkəzi Asiya ölkələrinə yeni ixrac marşrutları lazımdır və bu mənada Orta Dəhliz böyük önəm kəsb edir. Azərbaycanın tranzit imkanları Mərkəzi Asiyanın aparıcı ölkələri sırasında yer alan Qazaxıstanın da ixrac imkanlarının genişləndirilməsinə böyük töhfələr vermək iqtidarındadır. Bu ölkə üçün nəqliyyat əlaqələrinin inkişafı və davamlılığı xüsusi önəm kəsb edir.
Mövcud marşrutlarlarla yanaşı, Azərbaycan yenə belə tranzit dəhlizlərinin yaradılması istiqamətində də intensiv iş aparır. Bu xüsusda Zəngəzur dəhlizi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələr indi daha çox diqqət cəlb edir. Bu istiqamətlər üzrə də yükdaşımalar əhəmiyyətli dərəcədə artacaq.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri