26 avqust 2022 14:44
878

Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri  onu göstərir ki, dövlətlər arasındakı dostluq və əməkdaşlıq  münasibətləri hər iki dövlət üçün  maraqlıdır. Bu dostluq və əməkdaşlığın inkişafını  analiz edəndə görürük ki, əməkdaşlıq yüksək səviyyədədir. Dostluğun bariz nümunəsi olaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində ölkəmizin  yeritdiyi siyasət, apardığı haqq-ədalət  müharibəsi  Qazaxıstan dövləti tərəfindən  birmənalı olaraq dəstəklənmişdir. Bu gün də Azərbaycanın inkişaf potensialı yetəri qədər yüksəkdir.

İki ölkə arasında imzalanan 20-dən çox sənəd içərisində biri xüsusi diqqət çəkir ki, bu da strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin inkişafı ilə bağlı olan Bəyannamədir. Heç şübhəsiz ki, bu sənəd iki ölkənin münasibətlərini keyfiyyətcə yeni müstəviyə qaldırır. 

İmzalanan Bəyannamə iki ölkə arasında  əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyət üçün çox ciddi baza kimi xidmət edəcəkdir. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaqdır.

Azərbaycan-Qazaxıstan əlaqələrinin, ümumilikdə Azərbaycan və qazax xalqlarının tarixi və kökü çox dərindir. Bu iki ölkə arasında qardaşlıq münasibətləri mövcuddur. Bizi bir-birimizə bağlayan tellər olduqca güclüdür. Ölkə Prezidenti bu məqamları nəzərdə tutaraq deyib: "Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram. Sizin qeyd etdiyiniz kimi, bu gün biz, ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız".  Prezident qeyd edib ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

Aynur Qənbərova,
Xətai Rayonu 263 nömrəli tam orta məktəbin müəllimi