Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.
Avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev deyib: Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır. “Aramızda etimada əsaslanan siyasi dialoq qurulub, dövlətlərimiz beynəlxalq platformalar, ilk növbədə BMT, ATƏT, Türk Dövlətləri Təşkilatları çərçivəsində əməkdaşlıq edir.
Fürsətdən istifadə edərək, Qazaxıstanın təşəbbüsü ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin çağırılmasına verdiyiniz dəstəyə görə Sizə, İlham Heydər oğluna öz minnətdarlığımızı bildirmək istəyirəm. Bu il oktyabrın ortalarında ölkəmizin paytaxtında Müşavirənin sammiti keçiriləcək. Bu, son dərəcə vacib formatda şəxsən iştirak edəcəyinizi səbirsizliklə gözləyirik. Sizin bu forumda iştirakınız arzu etdiyimiz nəticənin əldə olunması baxımından müsbət təsirə malik olacaq”, - Qazaxıstan Prezidenti deyib.
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir.
İslam Bafadarov,
YAP-ın gənc fəalı