Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda Qazaxıstanla münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Etiraf etmək lazımdır ki, Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli faktorlar – geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır. Azərbaycan və Qazaxıstanın materikin əsas geosiyasi bölgəsi olmaları xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin formalaşdırdığı geniş və güclü əməkdaşlıq platforması regionda dinamikliyi, enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və bu daşıyıcıların dünya bazarlarına çıxarılması məsələsində, Xəzərin hüquqi statusu kimi mövzularda oxşar mövqedən çıxış edərək, dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı alternativ tərəfdaş kimi diqqəti cəlb edir. Münasibətlərin dərinləşməsinə hər il bir çox iqtisadi komponentlərin əlavə olunması Qazaxıstan-Azərbaycan əməkdaşlığına impuls verir, yeni seqmentlər qatır.
2022-ci il avqustun 30-da Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Bu münasibət ilə hər iki ölkənin prezidentlərinin 24 avqust paytaxt Bakıda görüşü baş tutub. Bu səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.Görüşdə ikitərəfli münasibətlərin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət edilib və bütün məsələlər barədə ölkələrin mövqelərinin üst-üstə düşdüyü müzakirə olunub, müvafiq strukturlar arasında 20-dən artıq sənəd imzalanıb. Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görüb. İndi ölkələr arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər.
Xarici siyasətdə iki ölkənin də iştirak etdiyi aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edilir. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Bu səfər iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı