25 avqust 2022 22:29
800

Qarşılıqlı dostluq, qardaşlıq münasibətləri Azərbaycan-Qazaxıstan münasibətlərini daha da möhkəmləndirir

Azərbaycan-Qazaxıstan arasında ortaq tarixə, eyni etnik kökə və dinə sahib münasibətlər son illər yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci illərə təsadüf edir. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrarası inkişaf geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Avqust ayının 22-də keçirilən görüşdə Füzuli şəhərində Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikiləcəyini bildirilib və layihəsi ilə tanış olan Prezident ilham Əliyevə həmin layihəni Tokayev Qazaxıstanın Azərbaycana hədiyyəsi kimi təqdim edib. O bildirib ki, bu bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür. Kasım-Jomart Tokayev hazırda yenidənqurma işləri aparılan Qarabağın bərpası işinə öz töhfəsini verəcəyini qeyd edib. Qazaxıstan Prezidenti söyləyib ki, biz hamımız Qarabağın bərpası prosesi ilə məşğul oluruq. Bütün atılan bu addımlar Azərbaycanın gücünün nəticəsidir.

Prezident İlham Əliyev və Qazaxstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında dostluq münasibəti təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Onların qarşılıqlı dostluq, qardaşlıq münasibətləri Azərbaycan-Qazaxıstan münasibətlərini daha da möhkəmləndirir. Bu Azərbaycan və Qazaxıstan  tarix, soykök, din, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyir.

Eyni zamanda Vətən Müharibəsi dövründə də Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsində xalqımızı dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib. Bütün bunlar onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.  Görülən işlər, atılan bütün addımlar Türk Dövlətləri Təşkilatının da gələcəyinə hesablanıb. Əldə olunan razılaşmalar türkdilli dövlətlərin bir-birilərinə daha da yaxınlaşması istiqamətində müstəsna əhəmiyyətə malikdir.

Tofiqə Qurbanova,
SOCAR 4 saylı TND-nin əməkdaşı