Azərbaycan-Qazaxıstan münasibətlərinin çox qədim tarixi var. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Azərbaycan–Qazaxıstan əməkdaşlığının qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndərin siyasi kursu bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında münasibətlər getdikcə genişləndirilir. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında münasibətlər ortaq tarixi, etnik və mədəni köklərə əsaslanır. Ölkələrimizin liderləri arasında səmimi dostluq və yüksək səviyyəli dialoq tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verir. Bu əsnada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri və səfər çərçivəsində imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynayır.
Əlaqələrin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Səfərlər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər, həmçinin imzalanan yeni sənədlər əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə yol açır. Qazaxıstan Prezidentinin bu səfəri də ikitərəfli gündəliyin aktual məsələlərinin müzakirəsi, münasibətlərin inkişafına xidmət edən mühüm sənədlərin imzalanması ilə diqqətdə oldu. Belə ki, hər iki ölkənin dövlət başçıları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni imzaladılar. 20-dən çox sənəd isə müvafiq strukturlar arasında imzalandı. Bu sənədlər, təbii ki, əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Strateji tərəfdaşlıqdan müttəfiqliyə atılan addım Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu inkişafının, hər iki ölkənin dövlət başçılarının əlaqələrimizin inkişafına göstərdikləri diqqətin göstəricisidir. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Cənab İlham Əliyevin «Altın kıran» ali ordeninə layiq görülməsi Prezidentin böyük şəxsiyyətinə verilən layiqli qiymət kimi tarixə yazıldı.
Qazaxıstan Mərkəzi və Orta Asiyanın ən inkişaf etmiş və qabaqcıl ölkələrindən sayılır. İki qardaş türk dövləti arasında iqtisadi və siyasi əlaqələrin yüksələn xətt üzrə inkişafı bütün bölgənin mənafeyinə xidmət edir. Nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi ilə ölkələrimizin beynəlxalq nüfuzu daha da artaraq böyük dividentlər gətirəcəkdir. Tarixin istənilən dönəmində Qazaxıstan Azərbaycanı bütün beynəlxalq və regional tədbirlərdə birmənalı dəstəkləyib. Qarabağ münaqişəsi dövründə hər zaman Azərbaycanın haqlı mövqeyinə dəstəyi hər bir azərbaycanlını qürurlandırır. Tarixən olan dostluq və qardaşlıq ənənələrimiz 21-ci əsrdə daha da genişlənərək dünyaya səs salacaqdır.
Supay Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri