“Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayevin Azərbaycana rəsmi səfəri hər iki tərəf üçün çox məhsuldar oldu. Bu səfər sıradan bir səfər deyildi, ölçülüb-biçilmiş və zamanın tələbinə uyğun olaraq baş tutmuşdu. Ortaq türk köklərinə əsaslanan zəngin mədəni və tarixi bağlarla birləşən Qazaxıstan və Azərbaycanın artan siyasi nüfuzu son illər daha aydın görünür. Çətin geosiyasi vəziyyətdə bu ümumilik ölkələrimizin daha da yaxınlaşmasına kömək edir. Rəqəmlərə diqqət etsək, 2022-ci ilin ilk altı ayında Qazaxıstanın Azərbaycana ixracı 155,4 milyon dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur. Qazaxıstan ölkəmizi mineral və kimyəvi gübrələr, plastik və plastik məmulatlar, düyü, şokolad ixrac edib. Qazaxıstanın Azərbaycan məhsullarının alışını 2,1 faiz artırıb və 38,7 milyon dollar təşkil edib. Azərbaycanın ixrac etdiyi məhsulların da çeşidi çoxdur”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, bu gün Qazaxıstanda Azərbaycan kapitallı ilə 500-dən çox şirkət qeydiyyatdan keçib: “Azərbaycanda da Qazaxıstan kapitallı 145-ə yaxın şirkət var. 2005-2020-ci illərdə Azərbaycandan Qazaxıstana cəlb olunmuş investisiyaların həcmi ümumilikdə 306,5 milyon dollar təşkil edib. Təkcə 2018-2019-cu illərdə Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşının iqtisadiyyatına 12,7 milyon dollar sərmayə qoyub və həmin dövrdə Azərbaycana əks investisiyalar 75,7 milyon dollar təşkil edib. Statistika göstərir ki, bu, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin hamısı deyil. Azərbaycan və Qazaxıstanın neft-qaz sektorunda, sənaye əməkdaşlığında, nəqliyyat və logistikada, yaşıl enerjinin və kənd təsərrüfatının inkişafında qarşılıqlı maraqları və böyük imkanlar var. Hər iki tərəf ticarət və sənaye əməkdaşlığının daha geniş inkişafı üçün səylərini davam etdirirlər. Qeyd edək ki, bu il Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edilir. Əgər müstəqilliyimizin əvvəllərində iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə mane olanlar var idisə, bu gün Nur-Sultanla Bakının birgə səyləri nəticəsində həmin əngəllər aradan qaldırılıb. İqtisadi tərəfdaşlığımızın gücləndirilməsi üçün ölkələrimiz arasında yeni ekspert şurası yaradılıb”.
A.Hüseynov bildirib ki, Azərbaycan nəinki Qazaxıstan, o cümlədən bütün türk dünyası, region ölkələri üçün etibarlı tərəfdaşdır. Azərbaycan Qazaxıstanın dünyaya çıxışını təmin edir. Qazaxıstan da Azərbaycan üçün oxşar tərəfdaşdır, belə ki, ölkəmizin Orta və Cənubi-Şərqi Asiya ölkələrinə çıxışını təmin edən ölkələrdəndir. İki ölkə liderləri İlham Əliyev və Kasım-Comərt Tokayev arasında aparılan danışıqlarda mühüm yerlərdən biri də logistika və nəqliyyat məsələləri idi. Bilirsiniz ki, Qazaxıstan neftini Avropaya çıxaran Novorossiysk limanındakı terminallarında baş verən qəzalar bu ölkənin alternativ marşrutlar axtarmağa vadar edib. Düzdür, əvvəllər də Qazaxıstan neftinin az bir qismini Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına çıxarırdı, bu gün isə vəziyyət xeyli dəyişib. Etibarlı tərəfdaşlığı, təklif etdiyi tranzit daşınmalarındakı cəlbedicilik digər ölkələrin də Azərbaycanı seçəcəyi ehtimalını artırır”.