26 avqust 2022 02:14
745

İki dövlət arasında əməkdaşlıqda yeni mərhələ

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev geniş nümayəndə heyəti ilə birgə ölkəmizə səfər etdi. Olduqca geniş gündəliyə malik olan bir günlük səfər çərçivəsində ölkə başçılarının təkbətək və çoxtərəfli görüşləri baş tutdu,  liderlər mətbuata bəyanatlarla çıxış etdi və hər iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə 20-dən artıq sənəd imzalandı. Məhsuldar keçən səfər çərçivəsində həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunmuş və Qazaxıstan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğaldan azad olunmuş Füzuli rayonunda inşa olunacaq yaradıcılıq Mərkəzinin təqdimatı keçirilmişdir. Beləliklə, səfər iki ölkənin əlaqələrinin yeni və daha yüksək mərhələyə keçidinin təntənəli nümayişi  idi desək yəqin ki, yanılmış olmarıq.

Qazaxıstan Prezidentinin ölkəmizə səfərinə keçmədən öncə xatırlatmaq istərdim ki, Qazaxıstan və Azərbaycan bir çox beynəlxalq təşkilatlar çərçivəsində bir-biri ilə sıx əməkdaşlıq edir ki, bunlardan biri də Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır. Son dövrlərdə bu təşkilat öz aktivliyi ilə  xüsusi diqqət çəkir. Bu isə milli maraqlara söykənən ölkəmizin xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın xüsusi yer tutduğunu nəzərə alsaq Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Sadəcə son bir ildə ölkə Prezidentimiz türkdilli dövlətlərin rəhbərləri ilə bir neçə dəfə görüşmüş, o cümlədən, onların rəhbərlərini ölkəmizdə qəbul etmiş və bu ölkələrə rəsmi səfərlər etmişdir. Daha dəqiq, ötən ilin 12 noyabr tarixində qardaş Türkiyə Cümhuriyyətində baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündən sonra Azərbaycan Prezidenti türkdilli dövlətlər olan Türkiyəyə 10.03.2022, 14.05.2022 və 10.08.2022-ci tarixlərdə olmaqla ümumilikdə 3 dəfə və 22.06.2022-ci il tarixdə Özbəkistana səfər etmişdir. Bununla yanaşı, 20.04.2022-ci il tarixdə Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarov, 28.05.2022-ci il tarixdə Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğan və sonuncu olaraq 24.08.2022-ci il tarixdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə səfər etmişdir. Bu səfərlərdən də aydındır ki, dünyanın yeni düzənin formalaşdığı müasir dünyamızda türkdilli dövlətlər getdikcə daha aktiv rol oynamaqdadır.

Yenidən bu günə qayıdaraq, Qazaxıstan Prezidentinin ölkəmizə səfərinin detallarına nəzər yetirək. İlk öncə qeyd etmək istərdim ki, iki ölkə arasında imzalanan 20-dən çox sənəd içərisində biri xüsusi diqqət çəkir ki, bu da strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin inkişafı ilə bağlı olan Bəyannamədir. Heç şübhəsiz ki, bu sənəd iki ölkənin münasibətlərini keyfiyyətcə yeni müstəviyə qaldırır. Onu da vurğulamaq lazımdır ki, Qazaxıstan Mərkəzi Asiyanın qayəsidir və zəngin təbii sərvətləri baxımından fövqəladə əhəmiyyətə malikdir. Bu səbəbdən də Qazaxıstanla inkişaf edən əlaqələr Azərbaycanın milli maraqlarının təmin olunması baxımından böyük əhəmiyyətə malikdir. Digər bir tərəfdən də Azərbaycan-Qazaxıstan əlaqələrinin, ümumilikdə Azərbaycan və qazax xalqlarının tarixi və kökü çox dərindir. Bu iki ölkə arasında qardaşlıq münasibətləri mövcuddur. Bizi bir-birimizə bağlayan tellər olduqca güclüdür. Məhz bunun nəticədir ki, bu gün Azərbaycanın ən böyük şəhərlərindən biri olan Sumqayıt şəhərində küçələrdən biri qazax xalqının görkəmli nümayəndəsi Əhməd Baytursınovun adını daşıyır. Eyni zamanda, Qazaxıstanda paytaxt Nur-Sultan şəhərində küçələrdən birinə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı verilmişdir. Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayev səfər zamanı mətbuat nümayəndələri ilə görüşdə yaxın zamanda paytaxtın daha böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin adının veriləcəyini elan etdi. Əlbəttə ki, bu Azərbaycan xalqına göstərilən böyük hörmətin təzahürüdür. Biz hər birimiz Ulu Öndərimizin adının qardaş dövlətlərdə ehtiramla yad edilməsindən böyük məmnunluq və qürur duyuruq. Eyni şəkildə, K.J.Tokayevin Azərbaycan Prezidenti barədə səsləndirdiyi fikirlər də təbii olaraq hər birimizdə fəxarət hissi yaradır. “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər” – bu sözlər Azərbaycan Prezidentinin fəaliyyətinə verilən yüksək qiymətin açıq ifadəsidir. Beləliklə, iki türk dövlətinin əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə, münasibətlərin ən yüksək həddə qalxacağına, mədəniyyət, ticarət, nəqliyat və logistika, informasiya-kommunikasiya və digər sahələrdə əməkdaşlığın inkişaf edəcəyinə inam ən yüksək səviyyədədir. Tam əminik ki, mümkün olan ən qısa zamanda iki dövlət rəhbərinin də şəxsi nəzarəti ilə qarşıya qoyulan məqsədlərə nail olunacaq. İki dövlət arasında əmtəə dövriyyəsi arzuolunan səviyyəyə qalxacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoymaqla bundan sonra iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək. Ölkə başçısının da qeyd etdiyi kimi, Qazaxıstanla əlaqələrin möhkəmləndirilməsi bundan sonra da Azərbaycanın xarici siyasətinin prioriteti qalacaqdır.

Rauf Əliyev,
Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi