"İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır, himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşında böyük sevinc və qürur hissi yaradır. Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycanda idmanın inkişafında böyük rol oynayır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri Azərbaycana idman ölkəsi statusunu qazandırmışdır. Əlbəttə ki, bu nailiyyətlərin əldə olunması birmənalı olaraq Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısı və ölkəmizin Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasəti sayəsində mümkün olub."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov «İki sahil»ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, beş il əvvəl İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Beynəlxalq ictimaiyyət Azərbaycan nümunəsində həmrəyliyi gücə çevirməyin real nümunəsini gördü. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının aktivinə yazılmış 99 medal idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyəsindən xəbər verir.
İdmançıların uğurlarını hər zaman yüksək dəyərləndirən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki, Konyadan Vətənə böyük qələbə ilə qayıtmısınız: "Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır."
Deputat diqqətə çatdırıb ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Lakin bu gün idmançılarımız üçün böyük stimul kimi çıxış edən daha bir vacib məqam mövcuddur. Bu stimul iki il bundan əvvəl əldə olunmuş tarixi Qələbəmizdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da artıq bütün beynəlxalq yarışlarda məhz qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir. İdmançılarımız bütün beynəlxalq yarışlarda olduğu kimi İslamiadada həm öz güclərini, həm də dövlətimizin qüdrətini nümayiş etdirdilər.
V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə dövlətimizin başçısı qeyd etdi: "Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq."
Şəmsiyyə Əliqızı, “İki sahil”