Bu gün Ermənistan sosial-iqtisadi cəhətdən çox acınacaqlı durumdadır. Ən əsası isə bu ölkə borc içərisində çabalayır. Belə ki, işğalçı ölkənin dövlət borcu ÜDM-in 60 faizinə bərabərdir. Artıq tək- tük də olsa ağlı başında olan ermənilər də anlayırlar ki, Ermənistan öz varlığını bu şəkildə qoruya bilməyəcəklər. Çünki erməni diasporundan göndərilən qəpik-quruşla dövlət kimi ayaqda qalmaq mümkün deyil. Ona görə də indi heç bir şərt irəli sürmədən 44 günlük müharibənin qalibi Azərbaycanla sülh bağlamaq daha çox məğlub Ermənistana lazımdır. Hətta siyasi və hərbi analitiklərin yekdil rəyinə görə, Azərbaycanla növbəti müharibə Ermənistanın özünün bir dövlət kimi yox olmasına gətirib çıxara bilər.
Təbii ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası bu qorxunc təhlükədən yayınmaq üçün Azərbaycan və Türkiyə ilə ən qısa zamanda münasibətləri normallaşdırmağa məcbur olacaq. İndi reallığı düzgün anlayan ermənilər də başa düşürlər ki, ölkələrini blokada şəraitindən çıxarmaq üçün əvəzolunmaz imkanlar qazanıblar. Çünki sülh müqaviləsi reallaşsa Ermənistan bölgənin böyük iqtisadi potensialına malik Türkiyə və Azərbaycanla iqtisadi- ticari əməkdaşlığa nail ola bilər. Xüsusilə, Türkiyə Ermənistanla sərhədlərini açsa işğalçı ölkə iqtisadi və geosiyasi blokadadan çıxmaq şansı qazanacaq.
İndi bu ölkədə insanlar gələcəklərinə dair nikbinliklə düşünə də bilmirlər. Çünki Ermənistanda əhalinin böyük əksəriyyəti banklara borcludur. Özü də bank faizləri kifayət qədər yüksəkdir. Bu ilin ötən 7 ayının nəticələrinə görə, Ermənistanda makroiqtisadi, eyni zamanda, sosial göstəricilərdə kəskin azalmalar var. Beynəlxalq qurumların hesabatlarına görə, burada hər 3 nəfərdən biri yoxsulluq həddində yaşayır. Praktiki olaraq Ermənistanın həm rəsmi statistikası, həm də beynəlxalq hesabatlar ölkənin sosial -iqtisadi vəziyyətinin kifayət qədər acınacaqlı olduğunu göstərir. Bütün bunlara görə ermənilərin böyük əksəriyyəti əvvəlki kimi ölkələrini tərk etmək məcburiyyətindədirlər.
Bundan başqa, indi Ermənistanda anti-Rusiya əhval- ruhiyyəsi də yüksəlməkdədir. Erməni saytları bu ölkənin əleyhinə silsilə yazılar dərc edir, siyasətçilər, ziyalılar isə tez-tez Rusiyanı ittiham edən açıqlamalar verirlər. Məsələn, erməni ictimai xadim Arman Vardanyan iddia edib ki, artıq bir çox əcnəbi banklar İrəvanın müttəfiqi Rusiyaya görə, Ermənistanla maliyyə əməliyyatlarından və ümumilikdə əməkdaşlıqlardan yayınmağa başlayıblar. İndi xarici banklar, maliyyə mərkəzlərinin əksəriyyəti Ermənistanda sövdələşmə əməliyyatlarından imtina edirlər.
Bütün sahələrdə iflasa uğrayan Ermənistanda işsizlik də tüğyan edir. Ölkədəki gənclərin 42 faizi işsizdir. Qeyd olunur ki, ölkədə həkimlər, tibb bacıları, mühəndislər, müəllimlər, digər peşə və sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir. Bu arada daha bir maraqlı məqam işsizlərin arasında qadınların sayının getdikcə artmasıdır. Kişilərin əksəriyyəti isə öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya və digər ölkələrə üz tutublar. Belə ki, son iki ildə xarici ölkələrə gedənlərin sayı 50 mindən çox olub.
Eyni zamanda, vaxtilə Azərbaycan torpaqlarında zorla məskunlaşdırılmış ermənilər də Laçını və onun kəndlərini məcburi surətdə tərk edirlər. Bu isə Ermənistanda yeni köç dalğasının, yeni işsizlər və evsizlər ordusunun sırasının genişlənməsi deməkdir.
Onu da bildirək ki, Ermənistanın ixrac edə biləcəyi məhsul çeşidi böyük deyil və daha çox metal filizi, kənd təsərrüfatı məhsulları və spirtli içkilərlə məhdudlaşır ki, bununla da büdcəni doldurmaq mümkün deyil. Ona görə də Ermənistan həmişə olduğu kimi, bu gün də xarici ianələrdən asılı vəziyyətdədir. Paşinyan hakimiyyətindən incik düşən erməni diasporu isə Ermənistana yönəlik yardımlarını azaltdıqca Ermənistandakı sosial vəziyyətin partlayış həddinə yaxınlaşması da gözləniləndir.
Elçin Zaman, «İki sahil»