44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura 30 ildən sonra həyat yenidən qayıdıb. Ermənilərin dağıdaraq məhv etdikləri şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Bütün bunlar onu göstərir ki, Qarabağın və Şərqi Zəngəzurun inkişafı, tərəqqisi, regionda sülhün və əminamanlığın təmin edilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindəndir.
Bu gün Azərbaycan istər hərbi, istər hüquqi, istərsə də diplomatik anlamda regionda tam üstünlüyə sahibdir. Yeni reallıqları Ermənistandakı revanşistlər qəbul etmək istəməsə də, Qarabağdakı etnik ermənilər vəziyyətlə barışıblar, barışmağa məcburdurlar. Onlar Azərbaycanın hərbi və iqtisadi gücünü, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini görürlər. Azərbaycanla Ermənistanı müqayisə edir və iki ölkə arasında siyasi, iqtisadi, sosial həyatında paralellik aparır, real mənzərədən nəticə çıxarırlar. Ermənilər eyni zamanda 30 il ərzində müharibə, savaş ideologiyası ilə yaşamağın nə ilə nəticələndiyini də dərk edirlər. İndi Qarabağdakı ermənilər seçim qarşısında qalıblar – bir tərəfdə müharibə, təhlükə və səfalət, digər tərəfdə sülh, ədalət, sabitlik, sosial rifah, inkişaf.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Qarabağda yaşayan ermənilərə mesajlar ünvanlayıb. Bildirib ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. “Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur”.
Bəli, Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Reallıq isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın görürlər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Onların Qarabağda qalıb yaşaması və gələcəyi Prezidentin də dediyi kimi yalnız Azərbaycana cəmiyyətinə inteqrasiyadan keçir.
Fəridə Cəfərova
Xətai rayon MKS-in baş kitabxanacısı