17 avqust 2022 16:02
856

Dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyət

"Vətəndaş cəmiyyəti" və "dövlət" anlayışları bir-birini tamamlayan, daxili əlaqəsi olan vahid ictimai birlikdir. Hər iki anlayış həm sosial-iqtisadi sahələrin inkişafında, həm də siyasi həyatın canlanmasında mühüm rol oynayır. Azərbaycanda vətəndaş cəmiyyətinin əsas atributlarından olan qeyri-hökümət təşkilatlarının demokratik cəmiyyətin formalaşmasında və inkişafında rolu böyükdür.  İnkişaf etmiş ölkələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsində qeyri-hökümət təşkilatlarına mühüm önəm verilir. Belə təcrübə Azərbaycanda da uğurla tətbiq olunur. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti sosial sferanın innovasiyalı inkişafına, dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının daha da yüksəlməsinə, cəmiyyətin sosial müdafiə sahəsində potensialının inkişafına, güclənməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Bu gün qeyri-hökümət təşkilatlarının ölkəmizdə vətəndaş cəmiyyətinin quruculuğu proseslərində fəal iştirakı onların, bir çox layihələrin, dövlət proqramlarının icrasında fəal iştirakı fonunda özünü göstərir. Bu da onların ölkənin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal rol oynamaları baxımından mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrdə qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrildiyi göz önündədir.  Son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin yaradılması və inkişafı üçün  lazimi  addımlar atılmışdır. Hesab edirəm ki, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir. İctimai iştirakçılığın məqsədi vətəndaşların dövlət işlərinin idarə olunmasında bilavasitə iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, həmçinin, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasıdır.

Cənab Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində Azərbaycanda demokratikləşmə siyasətinin bütün sahələrdə uğurla inkişafı müşahidə olunur. Bu sırada vətəndaş təşəbbüslərinin dəstəklənməsi dövlət orqanlarının yanında qeyri-hökümət təşkilatlarının iştirakı ilə ictimai qurumların yaradılması kimi məsələlərlə bağlı indiyədək bir sıra addımlar atılıb. Bu gün İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai şura üzvləri  “İctimai iştirakçılıq haqqında “Qanun”un onlara yaratdığı hüquqi imkanlar çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin faəliyyətinə ictimai iştirakçılığın məqsədini, prinsiplərini, forma və məzmununu ifadə etməklə yanaşı, həmçinin ən əsası mövcud problemlərin yerli qaydada həllinə də nail ola bilirlər.

  İmişli rayonunda keçirilən zona toplantısının rayon üzrə qeyri-hökümət təşkilatlarının nümayəndələri və İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında ictimai şuranın iş fəaliyyətinə faydalı olduğunu və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verdiyi danılmaz həqiqətdir. Dövlətimiz bu gün ölkəmizdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə sıx iş birliyi qurur, bu sahənin inkişafına dəstək göstərir və regionlarda keçirilən zona konfransları da bunun bariz nümunəsidir. İmişli rayon icra hakimiyyəti yanında ictimai şura 2022-ci ilin ll yarısı üçün tədbirlər planı hazırlamış və tədbirlər planına uyğun olaraq bir neçə kütləvi tədbirlər keçirmişdir. H.Əliyev mərkəzində “Prezident İlham Əliyevin çoxsaylı inkişaf siyasəti və onun real  nəticələri adlı ayrı-ayrı idarə və təşkilat rəhbərlərinin iştirakı ilə tədbir keçirilmişdir. İyul-avqust aylarında rayonun Qaraqaşlı, Telişli, Xoşçobanlı, Hacırüstəmli, Əliqulular kəndlərində kənd əhalisi ilə görüş keçirilmişdir.Kənd sakinlərini narahat edən məsələlər ətrafında diskusiya aparılmış, problemləri aradan qaldırmaq üçün aidiyyatı xidmət təşkilatlarının rəhbərlərinə və yaxud nümayəndələrinə taşpşırıqlar verilmişdir.Rayon İcra Hakimiyyətində avqust ayının 2-də “Müzəffər xalqın məmuru elə işləməlidir ki,heç bir ədalətsizliyə yol verilməsin” adlı növbəti bir  tədbir keçirilmişdir.İctimai şuranin tədbirlər planına uyğun olaraq bu tədbirlər silsilə xarakter daşıyaraq davamlı olacaq.

Vaqif Vəliyev,
İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai Şuranın sədri