Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etməsi bu gün regionun gələcək inkişaf istiqamətlərini müəyyən edir. Ölkəmizin müharibədən əvvəl olduğu kimi postmüharibə dövründə də həyata keçirdiyi siyasət, atdığı addımlar beynəlxalq birlik tərəfindən təqdir edilir. Təbii ki, bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya səviyyəli, nüfuzlu siyasətçi olması, əsl liderlik keyfiyyətləri nümayiş etdirməsi əsas rol oynayır. Məlum olduğu kimi dövlət başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində bir sıra sosial obyektlərin açılış mərasimində iştirak etdilər, bir qismində isə görülən işlərlə tanış oldular.
Prezident İlham Əliyev İsmayıllı rayonunda Azərbaycan Televiziyasına müsahibəsində növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq etdi. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu, Ermənistanın bu əməliyyatdan ciddi nəticə çıxarmalı olduğunu, yenidən belə təxribat törədildiyi halda Azərbaycanın reaksiyasının çox sərt olacağını, Azərbaycanı haqq işindən heç kimin çəkindirə bilməyəcəyini xüsusi vurğuladı. Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, odla oynamasın, yeni reallıqları qəbul etsin və hərbi təxribatlara əl atmasın. Ancaq Ermənistan bundan nəticə çıxarmadı, növbəti təxribat törətdi və “dəmir yumruq” yenidən işə düşdü. 44 günlük İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanın dünya gücləri qarşısında yalvarışları çox da uzaq olmayan tarixin reallıqlarıdır. Azərbaycan dəyişməz mövqeyini bir daha nümayiş etdirdi. Müharibəni sonadək apararaq hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtrəfli Bəyanatın imzalanmasına nail oldu. Prezident İlham Əliyev müsahibədə bir daha bildirdi ki, “Qisas” əməliyyatı Ermənistana göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir”.
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi beynəlxalq səviyyədə dəstəklənir. Ölkəmizə qarşı ərazi iddialarından əl çəkməməklə vaxt uzatmaq Ermənistana heç nə verməyəcək. Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında təsbit edilib, Ermənistan bu öhdəliyi yerinə yetirməlidir. Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il Bəyanatında yeni yolun çəkilməsi, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılmasının təmin edilməsi ilə bağlı müddəa yer alıb. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Prezident İlham Əliyev müsahibəsində bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin aparıldığını, 32 kilometr uzunluğunda yolun cəmi bir ilə inşa edildiyini qeyd etdi. Prezident onu da xüsusi vurğuladı ki, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirmişdi. Qarabağdan və Şərqi Zəngəzurdan, o cümlədən Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır. Reallıq ondan ibarətdir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların problemlərini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağ tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir.
Bu gün böyük inamla və qürur hissi ilə qeyd edirik ki, bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür, təsdiqlənən Dövlət proqramları əsasında regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün mühüm tədbirlər həyata keçirilir. Rəqabət qabiliyyətli qeyri-neft sektorunun,onun əsas istiqamətlərindən olan aqrar sahənin inkişafı bu gün də öz aktuallığını qoruyur. Biznes mühitinin yaxşılaşdırılması təmin edilir, sahibkarlara dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır. Hər zaman Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, güclü iqtisadiyyat yaradaraq sosial məsələlərin həlli istiqamətində mühüm addımlar atırıq. Bu ərazilərimizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün böyük perspektivlər vardır. Həmçinin aqrar sahədə inkişafı sürətləndirmək, ixrac yönümlü məhsulların sayını artırmaq və ölkənin ixrac potensialını gücləndirmək məqsədilə aqro parklar yaradılır. Bir sözlə, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün geniş imkanlar yaranır. Artıq tarixi Zəfərimizin yaratdığı yeni reallıqları yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə məsələlərinə də xüsusi diqqət göstərilir. Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının böyük rola malik olduğu bugünkü reallıqlarımızdan bir daha aydın görünür. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Əsas məqsəd ölkənin hərtərəfli inkişafının təmin olunması, ən əsası insanların sosial rifah halının daha da yaxşılaşdırılmasıdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri