16 avqust 2022 21:05
659

Strateji məhsullara tələbatın yerli istehsalla ödənilməsinin əsas yolu mühüm elmi-tədqiqat işlərinin ölkə iqtisadiyyatına tətbiqidir

“Daxili tələbat nə qədər mümkündürsə,
yerli məhsullar hesabına təmin edilməlidir!”

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Hazırda dünyada yaşanan qlobal problemlər ayrı-ayrı ölkələrin iqtisadiyyatında ciddi təlatümlərə gətirib çıxarmaqdadır. Xüsusən, taxıl və digər strateji məhsulların idxal-ixracında yaşanan çətinliklər təxirəsalınmaz tədbirlərin atılmasını zəruri edir. Dövlətimizin başçısı cənab İlham Əliyev ötən həftə İsmayıllı rayonuna səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədə bu məsələyə ətraflı toxundu və bildirdi ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir.

Ölkə rəhbərinin vurğuladığı kimi, yaranan yeni reallıqları nəzərə alaraq ölkə olaraq özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparılır və bundan sonra da aparılacaq.

Xatırladaq ki, hələ illər öncə də Prezident İlham Əliyev tövsiyə edirdi ki, daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir: “İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da elmi-texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”.

Təcrübədən çıxış etsək qeyd edə bilərik ki, bundan sonra atılacaq addımlardan biri də taxıl və ya digər strateji məhsullara tələbatın yerli istehsalla ödənilməsinin əsas yollarından biri kimi elmi-tədqiqat işlərinin ölkə iqtisadiyyatına tətbiqi olmalıdır. Hazırda dünyada tətbiqyönlü elm birmənalı olaraq cəmiyyətin və iqtisadiyyatın tam məhsuldar qüvvəsinə çevrilmişdir. ABŞ və ya inkişaf etmiş Avropa ölkələrinin belə təcrübəsinə baxsaq görərik ki, bu ölkələr ona görə davamlı iqtisadi inkişafa nail olub ki, bu inkişafın bünövrəsində, məhz konkret elmi-texniki-iqtisadi əsaslandırma, əldə edilmiş elmi nəticələrin böyük əksəriyyətinin ölkə iqtisadiyyatına tətbiqi dayanır. Həmin dövlətlərin strateji doktrinası qəbul olunarkən cəmiyyət və iqtisadiyyatın inkişafının əsas prinsiplərinə elmi-texniki tərəqqi məsələləri daxil edilir.

Bu günlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən icraçı direktoru olduğum akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) yuxarıda qeyd edilən əsas prinsipləri nəzərə alaraq yarandığı vaxtdan indiyə qədər fundamental tədqiqatlarla yanaşı tətbiqi işlərə də geniş yer verir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, ölkə üzrə tətbiq olunan və olunmağa tövsiyə edilən elmi tədqiqatın nəticələri ilə bağlı ən çox patent alan elmi tədqiqat müəssisəsi AKİ-dir. Təkcə son bir ildə 37 patent alınmış, 20 patent haqqında ilkin müsbət qərar çıxarılmışdır.

Məlumat üçün bildirək ki, AKİ-nin əsas elmi fəaliyyət istiqaməti hər bir ölkənin iqtisadiyatı üçün strateji məhsul sayılan sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, eləcə də fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparmaqdan ibarətdir.

Onu da qeyd edim ki, keçmiş SSRİ-də ilk olaraq çoxfunksiyalı aşqarların yaradılması işinə, məhz post-sovet məkanında 3 elmi mərkəzdən bu günə qalan yeganə AKİ-də başlanılmış və bu qəbildən olan yüksək keyfiyyətli aşqarlar yaradılmış və bu aşqarlardan istifadə etməklə Bakı və SSRİ-nin Şərq regionunun baza yağları əsasında bir sıra yüksək keyfiyyətli motor yağları işlənilmişdir.

Aşqarlar Kimyası İnstitutu respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılması istiqamətində gördüyü ən vacib tətbiqi işləri aşağıdakı kimi ümumiləşdirmək olar.

Aşqarlar Kimyası İnstitutu  və onun alimlərinin son illər ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ” yaradılmasıdır ki,  onun istehsalı “Aşqar” Elmi İstehsalat Birliyində təşkil edilmiş, bu günə qədər Bakı–Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir. Bu o deməkdir ki, dövlət büdcəsinin formalaşmasında əsas pay sahibi olan neft gəlirlərinin əldə olunmasında bilavasitə Aşqarlar Kimyası İnstitutunun alimlərinin də müəyyən əməyi var.

Respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılmış və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respublikasının məxfi patentləri ilə müdafiə olunur. Konkret olaraq modul elektrik stansiyalarında istifadə olunmuş ekoloji gərginlik yaradan “Musella-40” motor yağının regenerasiya texnologiyası yaradılmış və bu texnologiyanın tətbiqi üzrə işlər yekunlaşmaq üzrədir.

Aşqarlar Kimyası İnstitutu motor yağının yeni analoqunu yaradıb, istehsalını təcrübə-sənaye zavodunda təşkil edib və tonlarla məhsul Azərbaycan Respublikası Müdafiə Nazirliyinə verilib. Həmin yağ Qarabağ müharibəsində də istifadə olunub. Qeyd etmək lazımdır ki, xüsusi təyinatlı sürtkü yağlarının yaradılması prosesi bir neçə mərhələdən: elmi əsaslarla baza yağlarının və müvafiq aşqar paketinin seçilməsi, laboratoriya sınaqları nəticəsində sürtkü kompozisiyasının optimal tərkibinin müəyyənləşdirilməsi, bir sıra mühərriklərdə stend sınaqlarından keçirilməsi, nəhayət, real mühərrikdə sınaqların aparılmasından ibarətdir.

Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqlarını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından, bu proses xarici ölkədə müvafiq strateji müəssisədə reallaşdırılıb və son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilib. Yaradılan xüsusi təyinatlı motor yağı Azərbaycanın müvafiq nazirliklərinin sınaq-təcrübə mərkəzlərində də real texnikada müsbət nəticələrlə sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb. Həmin motor yağına Pakistan Respublikası Müdafiə Nazirliyində də böyük maraq göstərilir. Onlarla müqavilələr bağlanmaq üzrədir.

Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gətirilən M-14QB motor yağının yeni analoqu institut tərəfindən yaradılmış və istehsalı institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Elm-istehsalat Birliyində təşkil edilmişdir.

Respublikanın müasir tələblərə cavab verən müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə motor, transmissiya və hidravlik sistemləri üçün bir sıra müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) sürtkü kompozisiyaları yaradılmış və istehsalı təşkil edilmişdir. Hal-hazırda zavodda istehsal edilən sürtkü yağları respublikamızın bir sıra müəssisələrində istifadə edilir.

Göründüyü kimi, Azərbaycanda elmin kommersiyalaşmasında iştirak edən Aşqarlar  Kimyası İnstitutu ölkəmizdə elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalının birbaşa elmi-texniki əsaslandırmasını həyata keçirir, yenilikçi bizneslərin yaradılmasına dəstək verir. İnstitutun fəaliyyətinin prioritet istiqamətlərindən biri müvafiq qanunvericiliyə uyğun olaraq istehsal müəssisələri ilə əməkdaşlıq etmək və elmin kommersiyalaşmasına dəstək vermək olduğu üçün bu məqsədlə İnstitut əməkdaşlarının müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin Yüksək Texnologiyalar Parkında (YT Park) reallaşdırılması bu günün özündə həyata keçirilməkdədir. Texnoparkda İnstitutda aparılan tədqiqatların nəticəsi olan müxtəlif motor və sürtkü yağları, soyuducu mayelər və digər məhsulların alınması üsulları ilə bağlı patent layihələri reallaşdırılır.

YT Park və H.Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan sürtkü yağları və digər sürtkü materiallarının istehsal texnologiyaları, istehsal və istehlakını təmin edən normati-texniki sənədlər İnstitut tərəfindən işlənilmişdir. İnstitut bu məhsulların istehsalının təşkili və sınaqlarının aparılmasında qeyd olunan müəssisələrə elmi-texniki dəstək verir.

Aşqarlar Kimyası İnstitutunun əksər işlərinin kommersiyalaşdırılması, tətbiqi əhəmiyyətli elmi tədqiqatlarla biznesə verdiyi dəstəyə görə bu günlərdə mənzil qərargahı ABŞ-nın Texas Ştatına daxil olan Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyasının təsis etdiyi “BIZZ Winner” beynəlxalq mükafatına layiq görülmüşdür.

Təbii ki, hazırda AKİ və onun əməkdaşlarının istehsalatda tətbiq olunan işləri yetərli olsa da, İnstitutun mövcud potensialına adekvat deyil. Amma bunun da obyektiv səbəbləri vardır. Hər şeydən öncə elmi müəssisələr ilə istehsal sahələri arasında kordinasiya olunmuş əməkdaşlığa böyük ehtiyac vardır. Bu gün Elm və Təhsil Nazirliyinin idarəetməsinə verilən iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən ixtisaslaşmış elmi müəssisələri ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin artırılmasına böyük töhfələr verə bilər. Xüsusən, yüksək məhsuldarlıqlı ərzaq buğdası sortlardan tutmuş neft məhsulları - sürtkü materialları, yanacaq, soyuducu mayelərə qədər əksər strateji məhsulların istehsalını daxili imkan əsasında həyata keçirmək mümkündür. Çünki akademik təcrübə, yüksək ixtisaslı kadr tam yerindədir. Xammalı ucuz əldə etməklə qısa vaxtda bu istehsalın şahidi olmaq olar. Təxmini hesablamalara görə, təkcə strateji məhsullar olan sürtkü materialların xaricdən gətirilməsinə il ərzində yüz milyon dollarla vəsait xərclənir. Deməli, ölkənin real iqtisadiyyatına tətbiq olunan elmi işlərlə mövcud imkanlar əsasında təşkil olunan yerli istehsal daxili vəsaitin xaricə axmasının da qarşısını almış olar. Necə deyərlər, yerli mal almaqla, xeyrimiz vətənə qalar. Həm də strateji məhsullar üzrə xaricdən asılığı aradan qaldırmış olarıq. Bir sözlə, cənab Prezidentin də ifadə etdiyi kimi, daxili tələbatı yerli məhsullar hesabına təmin etmiş olarıq.

Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü, kimya elmləri doktoru