16 avqust 2022 16:47
690

Bölgələrdə abadlıq-quruculuq işləri uğurla davam etdirilir

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, daxili inkişafına və çiçəklənməsinə də səbəb olmuşdur. Şəxsən ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə aparılan geniş miqyaslı quruculuq-abadlıq işləri və infrastruktur layihələrin icrası öz müsbət nəticələrini verməkdədir.

Respublikamızın digər bölgələri kimi bizim rayonumuzda da dövlət tərəfindən iri infrastruktur layihələr icra olunmuşdur. Bu layihələr sırasında məktəblər, xəstəxanalar, uşaq bağçaları, müxtəlif istehsal və kənd təsərrüfatı təyinatlı obyektlər mövcuddur. Rayonumuzun ərazisində yol infrastukturu müasir standartlara cavab verəcək səviyyədə qurulmuşdur.Su, mavi yanacaq və elektrik enerjisi ilə təminatımızda heç bir problemimiz yoxdur.

Dövlət başçımızın apardığı uğurlu enerji siyasətinin nəticəsi olaraq rayonumuzun ərazisində inşa olunmuş SES və ötən il ölkə başçımız tərəfindən açalışı reallaşdırılmış Füzuli yarımstansiyası rayonumuzun, eləcə də işğaldan yeni azad edilmiş ərazilərin enerji təminatında mühüm rol oynayır.

Aqrar sektorun canlandırılması, neftdən asılılığın minimuma endirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Ənənəvi kənd təsərrüfatı sahələrindən olan baramaçılıq, pambıqçılıq, taxılçılıq kimi vacib sahələrin dirçəldilməsi tarixən aqrar rayon olan Füzulidə əhalinin güzəranının yaxşılaşmasına öz töhfələrini verməkdədir. Rayonumuzun ərazisində nəhəng Aqroparkın istifadəyə verilməsi həm iqtisadi imkanlarımızın artması, həm də əhalinin işlə təminatı baxımından mühüm əhəmiyyət kəsb edir.

44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu tarixi Zəfər qazandı, torpaqlarımızı işğaldan azad etdi.Torpaqlarımızın işğaldan azad edilməsi ərazi bütövlüyümüzü təmin etməklə yanaşı 30 ilə yaxın işğalda qalmış ərazilərimizin mövcud resurslarından istifadə imkanları yaratdı. Bəllidir ki, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir.Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var.Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir, yeni iş yerlərinin açılması prosesi daim aparılır, ərzaq təhlükəsizliyi məsələsi daim diqqətdə saxlanılır.

Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlətimizin məqsədi növbəti 3-5 il ərzində bu göstəricini yüz faiz səviyyəsinə çıxarmaqdır. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır.

Əminik ki, Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün dövlət tərəfindən aparılan praktiki işlər öz müsbət nəticələrini verəcəkdir. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, verilən subsidiyalar nəticəsində ölkəmizdə məhsuldarlıq böyük dərəcədə artacaq. Azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.

İbrahim Nağıyev,
Füzuli rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi