Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün respublikamız ən qüdrətli mərhələsini yaşamaqdadır. “Tarixin ən güclü Azərbaycanı” ifadəsi hazırda qürur doğuran kəlmələr olmaqla yanaşı həm də əhatə olunduğumuz reallığın aynası rolunu oynayır. Azərbaycan, həqiqətən, tarixinin heç bir dönəmində siyasi, iqtisadi, hərbi və beynəlxalq nüfuz baxımından bu qədər güclü, qüdrətli olmayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu yüksəliş regionlarımızı da əhatə etməkdədir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə, Qobustan və Ağsu rayonlarına səfərləri də bu reallığı təsdiqləyir. Səfər çərçivəsində açılışı olunan və baxış keçirilən obyektlər, yerində verilən tapşırıqlar bu diqqətin və qayğının ifadəsi olaraq özünü göstərir. Bununla yanaşı il ərzində dövlət başçımızın işğaldan azad olunan Laçın, Kəlbəcər, Zəngilan, Şuşa, Füzuli, Ağdam, Xocavənd rayonlarına və Gəncə, Göygöl, Tərtər, Ağcabədiyə səfərləri də regionlara göstərilən diqqətin təzahürüdür.
12 avqust tarixli səfər regionlara ayrılan diqqət və qayğının ifadəsi olmaqla yanaşı, həm də Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə ilə yaddaqalan oldu. Müsahibədə ölkə başçımız regionlarımızın inkişafı, ərzaq təhlükəsizliyi məsələləri barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Əlavə olaraq, “Qisas” əməliyyatı barədə fikirlər səsləndirildi. Sözügedən hər bir başlıq bu gün olduqca aktual və əhəmiyyətlidir. Ancaq Azərbaycan xalqı üçün xüsusilə sonuncusu mənəvi baxımdan fərqli dəyər ifadə edir. Çünki, Prezident İlham Əliyevin söylədiyi kimi, “Qisas” əməliyyatı bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi. Bir Azərbaycan əsgərinin, zabitinin canı üçün Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin nələri etməyə hazır olduğunu açıq şəkildə ortaya qoydu. “Qisas” əməliyyatı ilə bağlı o da vurğulanmalıdır ki, bu əməliyyat Ermənistan üçün cəza tədbiri mahiyyəti daşıyırdı. Bununla göstərildi ki, əgər bir daha bənzər hərbi təxribata əl atılarsa yenə də Azərbaycan ən sərt şəkildə bunun cavabını verəcəkdir. Ermənistan da nəhayət bunu anlamalıdır ki, Azərbaycanla müharibə aparmaq ya da hansısa şəkildə qarşı-qarşıya gəlmək onlar üçün uçurumdan atılmaqdan fərqsizdir. Unutmaq olmaz ki, Ermənistanın illərlə yaratdığı “yenilməzlik” mifini darmadağın edən, 44 günə 30 illik işğalı, illərlə yaradılan istehkamları məhv edən şanlı ordu bu gün daha da güclü şəkildə öz torpaqlarında xidmət göstərir. ““Dəmir yumruq” yerindədir” deyən Azərbaycan Prezidenti bu fikri heç də əbəs yerə söyləmir. Onu da qeyd etmək zəruridir ki, “Qisas” əməliyyatı olduqca effektiv olmaqla yanaşı həm də qısa zaman kəsiyində öz missiyasını tamamlayaraq sona çatdı. Bu isə onu göstərir ki, Azərbaycan müharibə istəmir, sadəcə öz torpaqlarında qanunsuz erməni silahlı qüvvələrinin varlığını qəbul etmir. Bunun üçün isə bizim haqqımız var. Tarixi 10 noyabr Bəyanatının 4-cü bəndində göstərilmişdir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Ancaq müharibənin bitməsindən az qala iki ilin keçdiyi bu gündə bu bənd hələ də tam icra olumayıb. Hələ də qanunsuz erməni silahlı birləşmələrinin tör-töküntüləri Azərbaycan torpağında varlıq göstərir. Bu isə qəbul edilməzdir. Şəhidlərimizin qanı ilə sulanmış Qarabağ torpağında bir dənə belə erməni silahlısı olmamalıdır. Və yaxın gələcəkdə bu tam təmin olunacaq. Digər bir tərəfdən əməliyyatın qısa müddətdə yekunlaşdırılması ölkəmizin sülh prosesinə hələ də sadiq olduğunu göstərdi. Ümumiyyətlə, Azərbaycanın Ermənistana sülh təklifi onun üçün son şansdır. “Dalan”a çevrilmiş Ermənistanın öz xalqı və gələcəyi üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdən başqa çarəsi yoxdur. Ölkə başçımız daha əvvəl də demişdir ki, sülh olmasa Azərbaycan heç nə itirməyəcək, itirən Ermənistan olacaq. Çünki Azərbaycan onsuzda həyata keçirdiyi layihələrlə, əsas güc mərkəzləri ilə qurduğu əlaqələrlə öz siyasətini sərbəst şəkildə davam etdirməyə qadirdir, Ermənistanın isə vassallıqdan yaxa qurtarmağının və müstəqilliyini həqiqətən bərpa etməyinin yeganə yolu məhz sülhdən və əməkdaşlıqdan keçir. Ancaq yenə də unutmaq olmaz ki, Azərbaycanın səbri sonsuz deyil və sülh təklifi hər zaman masa üzərində qala bilməz. Buna görə də Ermənistan da, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da ən düzgün qərarı verməli və yeni reallıqlarla barışmalıdır. Bu gün hansısa statusdan, xüsusi imtiyazlardan bəhs etmək heç də yaxşı nəticələr vəd etmir. Qarabağda yaşayan ermənilərin hüquqları əlbəttə ki var, onların hüquqlarının qarantı məhz Azərbaycan dövlətidir. Bundan artığını iddia etmək boş xəyalpərəstlikdən başqa bir şey ifadə edə bilməz. Çünki heç vaxt Azərbaycan da ikinci erməni dövləti yaranmayacaq, hansısa status, müstəqillik olmayacaq. Erməni əsilli vətəndaşlarımızın gələcək naminə yeganə ümidi Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçməlidir.

Səadət İsmayılova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri