Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların inkişafını daim şəxsi nəzarətində saxlayır və bu istiqamətdə ardıcıl tapşırıqlar verir. Bunun nəticəsidir ki, regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişmiş, regionların potensialının artırılmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılmışdır. Bir neçə gün öncə dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın Dağlıq Şirvan iqtisadi rayonuna səfəri və burada aparılan yenidənqurma işləri timsalında regionların simasının necə dəyişdiyinin bir daha şahidi olduq. Səfər çərçivəsində bir sıra infrastruktur layihələri ilə tanış olan ölkə başçımız İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verdi. Bu müsahibə həm xarici, həm də daxili auditoriyanın diqqətini çəkdi. Ölkə başçımızın çıxışı zamanı vurğuladığı məqamlardan biri regionların inkişafı ilə bağlı idi. Bildiyimiz kimi, regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Regional siyasətin qanunvericilik əsası cənab Prezident tərəfindən 2003-cü ildə təsdiq edilən Dövlət Proqramı əsasında həyata keçirilir. Məlumat üçün qeyd edək ki, bu günə qədər üç regional sosial-iqtisadi inkişaf proqramı həyata keçirilmişdir. Hazırda biz bu proqramın sayca dördüncüsünün icrasının şahidi oluruq. 2019-2023-cü illəri əhatə edən bu proqram çərçivəsində ölkənin bütün regionlarında abadlıq-quruculuq işləri, yeni infrastruktur layihələrinin reallaşması, eyni zamanda əhalinin rifah halının yaxşılaşmasına, məşğulluğunun təmin olunmasına xidmət edən addımlar atılmaqdadır. Regional siyasətin əsas məqsədi də kənd və qəsəbənin şəhər səviyyəsində inkişaf etməsidir. Bu Dövlət Proqramları sayəsində nəinki rayonlar və rayon mərkəzləri hətta ucqar kəndlərdə belə həyat səviyyəsi yüksəlməkdədir.
Qeyd olunduğu kimi, hal-hazırda dördüncü regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilməkdədir. Uğurla icra olunan proqramların nəticəsidir ki, bu gün Azərbaycan regionlarının iqtisadiyyatda payı 35 faiz təşkil edir. Bu göstəriciyə sahələr üzrə nəzər salsaq görərik ki, regionların iqtisadiyyatımızda payı kənd təsərrüfatında 90 faizdən, sənayedə 20 faizdən, turizmdə 50 faizdən, qeyri-neft ixracında 40 faizdən çoxdur. Bu, vaxtilə regionlara investisiyanın yatırılması, infrastrukturun yaradılması istiqamətində atılmış addımların doğru olmasının təsdiqidir. Bu həm də onun təsdiqidir ki, Azərbaycan iqtisadiyyatında regionların rolu kifayət qədər effektivdir. Cənab Prezidentin bu ilin iyun ayında təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda regionların iqtisadiyyatdakı payının 42 faizə çatdırılması məqsədi öz əksini tapmışdır. Vurğulamaq zəruridir ki, regionlarda sahibkarlığın inkişafına dəstək verən, onlara güzəştlər təklif edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Kredit və Inkişaf Agentliyi və bu kimi digər qurumların fəaliyyəti regionların inkişafına yönəldilmiş uğurlu addımlardandır. O cümlədən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən İsmayıllı rayonuna 56 milyon manat güzəştli kreditin təqdim edildiyini vurğulamaq istərdim. Göründüyü kimi dövlət bütün mexanizmlərdən istifadə edərək regional inkişafı stimullaşdırır. Regionların inkişafı həm də yeni iş yerlərinin yaranmasına təkan verərək, işçi qüvvəsinin kütləvi şəkildə paytaxta və ya ölkə xaricinə axının qarşısını da almış olur.
Bildiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları həm kənd təsərrüfatı, həm də turizm sahələri üçün olduqca əlverişli mövqeyə malikdir. Bununla yanaşı, Kəlbəcər və Laçın rayonları arıçılıq, Zəngilan rayonu heyvandarlıq, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonları isə taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələrinin inkişafı üçün münbit iqlim və təbii şəraitə malikdir. Bu sahələrin inkişafı sözügedən rayonların ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.
Sonda bir daha qeyd etmək istərdim ki, cənab Prezidentin bölgələrə mütəmadi səfərləri, görülən işlərlə şəxsən tanışlığı ölkəmizdə həyata keçirilən regional siyasətin uğurunun da açarıdır. Bu gün elə bir rayon, elə bir bölgə yoxdur ki, Azərbaycan Prezidenti oraya səfər etməsin, layihələrin açılışında iştirak etməsin. Ölkə başçısının bölgələrə səfəri Dövlət Proqramının səmərəli icrasına töhfə verməklə, proqramlarda nəzərdə tutulan tapşırıqların uğurla həyata keçirilməsinə xidmət edir. Hər bir bölgədə abadlıq-quruculuq işləri ildən-ilə daha geniş vüsət alır və insanların sosial-rifah halı yaxşılaşdırılır.
Elçin Məmmədov,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri